Ramazan bazarlığı neçəyə başa gələcək? - REPORTAJ
Sabah Ramazan ayı başlayır. Bu müqəddəs ayda oruc tutan insanların necə qidalanması da çox önəmli məsələlərdən biridir.
İnanclı insanlar Ramazan ayında daha çox xurmadan, müxtəlif cür çərəzlərdən, meyvələrdən, ət, düyü və ağartı məhsullarından istifadə edir. APA TV-nin çəkiliş qrupu paytaxtda yerləşən bazarların birində bu məhsulların qiyməti ilə maraqlanıb.
Satıcı İbrahim Cəbrayılov alıcılıq qabiliyyətinin normal olduğunu, Ramazan ayı ilə əlaqədar daha çox xurmaya, çərəzlərə və düyüyə olan tələbatın artığını bildirir: "Xurmalar ərəb ölkələrindən, İrandan, Tunisdən, Mədinədən daha çox gəlir. İran xurması 5 manat, Tunis xurması 5-6 manat arasında dəyişir. Ən çox istifadə olunan Mədinə xurmasıdır ki, qiyməti 10-15 manat arasında dəyişir. Fındıq iki cürdür. Zaqatala və Xaçmaz fındıqları hər ikisi 14 manatdır. Badam 20 manat, qoz 15 manatdan 20 manata kimidir. Araxislər 5-6 manat arasında dəyişir. Alma qurusu, ananas, manqo, müxtəlif çeşidlərdə meyvə quruları var ki, 7-15 manat arasında dəyişir".
Bazarda şabalıda çox az rast gəldik, qiyməti isə nə az, nə çox - 10 manatdır. Düyülərin çeşidləri kimi qiymətləri də müxtəlifdir: "Uzun Astara düyüsü 6 manat, uzun düyü 3 manatdan 6 manata kimidir. Yumru düyü 1.50 qəpikdən 3 manata kimidir. İran, Pakistan, Hindistan düyüsü 2 manatdan 4 manata kimidir. Mərci 3 manat, bulqur 1.50 qəpik, 2 manat quru lobya, 3-4 manat noxud, 4-6 manat sumax çeşidləri var. Təmiz sumax 10 manat, qarışıq sumaxlar 5-8 manatdır".
Bazarda müxtəlif çeşiddə yerli çaylar da satışa çıxarılıb. Limonların qiyməti isə bahalığı ilə seçilir: "Burdakı çaylar daha çox Lənkəran, Astara çaylarıdır. Qiymətləri 20 manatdan 100 manata kimidir. Müxtəlif çeşiddə çaylar var. Natural limonlar var, Astarada indi o yoxdur. İndi mövsümü deyil, buna görə bir az bahadır. Türk limonu ikisi 1 manata, Lənkəran limonu 1 manata, 80 qəpiyə, iri olanlar 1 manat 50 qəpikdir".
İndi də keçək mövsümi meyvələrə. Satıcılar deyir ki, havaların soyuq və yağışlı keçməsi bu il meyvələrin qiymətinə təsirsiz ötüşməyib: "Təzə çıxanda ucuz idi. Mal azaldı, yığa bilmədilər deyə qiyməti bahalaşdı. Albalı 6 manatdır. Gilas hər qiymətə var. 12 manata, 10 manata, 18 manata var. Bu dəqiqə Arandan gətirilir. Alça 10 manatadır. Çiyələk 12 manatdır. O təmiz Viktoriyadır. Ən keyfiyyətli, qorxusuz, dadlı. Kiməsə deyəndə 12 manat, deyir başı xarab olub, amma yeyənləri bilir necədir. Başqa çiyələklər də var - Quba çiyələyi 5 manat Cəlilabad çiyələyi var 1 manata".
Narın kiloqramı 15 manatdır. Almanın qiyməti 2 manat 50 qəpikdən başlayaraq 7 manatadək dəyişir. Armudun 1 kiloqramı 6 manatdır. Eyni qiymətə şaftalı da almaq mümkündür.
Türkiyədən gətirilən əriyin 1 kiloqramı 5 manat, yerli ərik isə 7 manatdır. Bazarda ağ və qara tutlara rast gəldik ki, qiyməti çeşidindən asılı olaraq 1 manat 50 qəpik - 3 manat arasında dəyişir. Bananın kiloqramı isə 3 manat 50 qəpikdir.
Tərəvəzlərin qiymətinə gəldikdə, Bakı bibəri qiyməti 3 manat, Bakı badımcanı 2.50 qəpikdir. Xiyar-pomidor hər qiymətə var - 1.50 manatdan 2 manata kimi. Lobya 1 manat 50 qəpiyədir. Ən bahalı pomidor Zirə pomidorudur. 1 manata, 1.50-2 manata var.
Mövsümü olmasa da, bazarda qarpıza və yemişə də rast gəlmək mümkündür. Bu məhsullar daha çox İrandan gətirilir. Qarpızın 1 kiloqramı 2 manat 50 qəpik, yemişin kq-ı isə 5 manatdır. Qarğıdalının bir dənəsi isə 1 manat 50 qəpikdir.
Ağartı məhsullarının qiymətləri ilə də maraqlandıq. Yerli pendirlər 4-5 manata olsa da, Gürcüstandan gətirilən pendirlər 10-12 manatadır. Şor 3-4 manat, qaymaq 6 manatadır.
Kənd yumurtasının qiyməti 20-25 qəpik arasında dəyişir. Kənd toyuqları isə 6-7 manatadır.
Ətin qiymətinə gəldikdə, "11 manata sümüklü ətdir. 13 manat tikədir. 11.50 qəpik isə quzu ətidir. Malın içalatı 6 manat, quzununku isə 5 manatdır".
Süfrələriniz bərəkətli, orucunuz qəbul olsun!
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi