Bilgəhdə şərikini güllələyən şəxs: "Mənə iki sillə vurdu"

Mayın 23-də axşam saatlarında Bilgəh qəsəbəsində baş verən silahlı insidentdə iştirak edən Ramid Rəhimov barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

 

APA TV-nin xəbərinə görə, istintaqla müəyyən olunub ki, qəsəbə sakini Ramid Əzizağa oğlu Rəhimov aralarında yaranmış mübahisə zəminində tanışı Tərlan Ağarəsul oğlu Dadaşovu öldürmək məqsədilə güllələyib. Nəticədə ağır yaralanan T.Dadaşov xəstəxanaya yerləşdirilib.

 

Rəhimov ilkin ifadəsində Tərlan Dadaşovla əvvəllər şərik kimi işlədiklərini bildirib. Kənd təsərrüfatı sektorunda çalışan dostlar arasında sonradan narazılıq yaranıb və şəriklər ayrılıblar. Ayrılan zaman Tərlan Dadaşovun Ramid Rəhimova 3000 manat borcu qalıb. Lakin zərərçəkən əvvəllər bu pulu verəcəyini desə də, sonradan vədindən imtina edib: "Səhər zəng etdi mənə, təhqir elədi. Dedim, gəl söhbətimizi edək. Gəldi, iki sillə vurdu mənə. Mənim atamdan qalan lüləsi kəsilmiş tüfəngim vardı, hamamda saxlayırdım. Pəncərədən vurdum onu. Gördüm boğazını tutub, tini dönüb çıxıb getdi".

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR