General Abbasəli Novruzovun 80 illik yubileyi qeyd edildi

Dövlət Sərhəd Xidmətinin Aparatında general-mayor Abbasəli Novruzovun 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

 

DSX mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, tədbirdə qeyd olunub ki, həyatının 57 ilini Vətənimizin təhlükəsizliyinin təmin olunmasına, müqəddəs sərhəd­lə­rimizin mühafizəsinə sərf edən general-mayor Abbasəli Novruzov mənalı ömür yaşayıb, SSRİ dövründə sıravi əsgərdən polkovnik rütbəsinə qədər yüksələrək, Göytəpə Sərhəd Dəstəsində zastava rəisinin müavini vəzifəsindən Zaqafqaziya Sərhəd Dairəsinin Kəşfiyyat İdarəsi rəisinin müavini vəzifəsinə qədər şərəfli xidmət yolu keçib. Əfqanıstanda Sərhəd Qoşunları üzrə baş müşavir vəzifəsində göstərilən etimadı ləyaqətlə doğruldub.

 

1994-cü il aprelin 8-də ulu öndər Heydər Əliyev Abbasəli Novruzovu yenidən xidmətə qaytararaq müstəqil Azərbaycanın Sərhəd Qoşunlarının Ko­mandanı vəzifəsinə təyin edib. Dahi öndərin Ali Baş Komandanlığı altında general-mayor Abbasəli Novruzov dövlət sərhədlərinin təhlükəsizliyinin təmin olunması sahəsində ciddi xidmətlər göstərib, "Əməkdar hüquqşünas" fəxri adı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

 

Sərhədçi veteran general-leytenant İnayət Xəlilov mərasimdə çıxış edərək Abbasəli Novruzovun yüksək mənəvi keyfiyyətləri özündə birləşdirən əsl vətənpərvər, böyük sərhədçi nəslinə örnək və nümunə olduğunu qeyd edib.

 

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Abbasəli Novruzovun Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunması xəbərini tədbir iştirakçılarına çatdıran Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev bu münasi­bətlə general-mayor Abbasəli Novruzovu təbrik edib.

 

General-mayor Abbasəli Novruzov çıxış edərək xidmətinə verilən yüksək qiymətə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə öz minnətdarlığını bildirib, tədbirdə söylə­nilən xoş sözlərə görə təşəkkür edib.

 

Tədbirdən sonra general-mayor Abbasəli Novruzov Heydər Əliyevin məzarını ziyarət edib, Azərbaycan Sərhəd Mühafizəsinin banisi olmuş ulu öndərin xatirəsinə öz dərin hörmət və ehtiramını bildirib.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR