Masallının 3 kəndində bəzi evlər hələlik bilinməyən səbəbdən çöküb

Masallı rayonunun üç kəndində bəzi evdə çökmə baş verib, divarlarda iri çatlar yaranıb. Həmin evlərdən 35-i tam qəzalı vəziyyətə düşüb, bir neçə ailə evakuasiya olunub. 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonun Qodman, Əzizabad və Məmmədrzaküçə kəndlərində onlarla ev təhlükə ilə üzləşib. Belə ki, son vaxtlar yaşayış evlərində çökmələr baş verib və bəzi evlərin istinad divarlarında iri çatlar yaranıb.

Kəndin bələdiyyə sədri Siruz Səfərovun sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib, yaxın günlərdə evlərə baxış keçiriləcək.

Rayon icra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı isə bildirib ki, qeyd olunan kəndlərdə yaşayış evlərindəki çatlar çökmədən deyil, fiziki köhnəlmədən əmələ gəlib.

“Bu cür halların bir neçə evdə müşahidə olunması şübhə yaratdığından, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Amma burada çökmənin baş verməsi hələ ki təsdiqlənməyib. Bunun səbəbi torpaq qatlarından götürülən nümunələr tədqiq edildikdən sonra məlum olacaq”, - rayon icra başçısının müavini belə deyib. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR