Təhsil Nazirliyi: Orta məktəblərdə tədris müddəti azaldılmayacaq
"Kurrikulumun ləğvi" anlayışı kifayət qədər savadsız ifadədir. Kurrikulum həmişə olub, bu gün də var, gələcəkdə də olacaq". APA TV-nin məlumatına görə, bu açıqlamanı jurnalistlərə Təhsil Nazirliyinin "Təhsilin inkişafı proqramları" şöbəsinin müdiri Emin Əmrullayev verib.
"Kurrikulum təhsilin məzmunudur və bunsuz təhsil olmur. Onu ləğv etmək təhsili məzmunsuz saxlamaq deməkdir. Bu, absurd ifadədir. Kurrikulum hər zaman təkmilləşən bir sahədir".
Şöbə müdiri əlavə edib ki, bu gün Azərbaycan dünyada ən az təhsil müddətinə malik olan ölkələrdən biridir. O, bildirib ki, 2 il bundan öncə ölkədə tədris müddəti 32,8 həftə idisə, dəyişiklərdən sonra bu rəqəm 34 həftə olub. Azərbaycanda orta təhsil müddəti digər ölkələrlə müqayisədə 6 həftə azdır. Şöbə müdiri qeyd edib ki, ona görə də valideynlərin tədris müddətinin azaldılması ilə bağlı şikayəti əsaslı görünmür. Ölkədə təhsil müddətinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimləndiyini xatırladan nazirlik rəsmisi qeyd edib ki, artırılan tədris həftələrində hansı işlərin görüldüyü ayrı-ayrı məktəblərin, müəllimlərin davranışı ilə bağlıdır.
"Bir çox məktəblərdə müxtəlif ölçmə, qiymətləndirmə işləri aparılır. Bunun faydasını dərhal yox, uzun müddətdə görəcəyik. Təhsil müddətinin artırılmasının təhsilə çox böyük faydası var, nəinki azaldılmasının".
Qeyd edək ki, bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə respublika fənn olimpiadaları qalibləri mükafatlandırılıb. IX-XI və xüsusi istedada malik aşağı sinif şagirdlərinin iştirak etdiyi olimpiadada 8 fənn üzrə 263 qalib müəyyənləşib. 48 nəfər şagird qızıl, 85 nəfər gümüş, 130 nəfər isə bürünc medala layiq görülüb.
Təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, respublika fənn olimpiadalarının keçirilməsi istedadlı uşaqların vaxtında müəyyən olunması, onlarla işin düzgün qurulması, ölkənin dayanıqlı inkişafına və işıqlı gələcəyinə xidmət edir. Onun sözlərinə görə, 2014-cü illə müqayisədə bu il iştirakçı sayı 6 dəfə artıb.
Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi