Qızılağac qoruğunda ilk dəfə xüsusi laboratoriya quraşdırılıb
Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov və BMT-nin Rezident Əlaqələndiricisi və BMT İnkişaf Proqramının Rezident Nümayəndəsi Qulam İshaqzai Qızılağac Dövlət Qoruğuna səfər ediblər.
APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, səfər "Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkibindəki sahilyanı ekoloji sistemlərdə idarəetmənin təkmilləşdirilməsi" adlı layihə çərçivəsində təşkil edilib. Layihə Azərbaycanın nadir və zəngin biomüxtəlifliyini qorumaq üçün sahilyanı və dəniz qoruqlarının idarəetmə səmərəliliyini artıracaq. Layihə çərçivəsində Qızılağac qoruğu üçün yeni inzibati bina tikilib və qoruqda qeyri-qanuni ovçuluq və digər qanunsuz fəaliyyətlərdən qorunmaq üçün kanallar qazılıb.
Nazir Hüzeyn Bağırov qoruğun öz laboratoriyasının quraşdırılmasını əhəmiyyətli addım kimi dəyərləndirib: "Onların dəstəyi ilə inzibati bina tikilib, ilk dəfədir qoruqda özünün laboratoriyası quraşdırılıb. Nəzərə alsaq ki, Qızılağac dəniz-quru qoruğudur, suların keyfiyyətinin əhəmiyyəti çox böyükdür, onlara nəzarət eləmək üçün yaxşı işlər görülüb, nəqliyyat vasitələri gücləndirilib".
Layihə çərçivəsində həmçinin mühafizə qayıqları, nəqliyyat vasitələri və uniformalar, meşə gözətçiləri üçün nəzarət və təhlükəsizlik avadanlığı da daxil olmaqla dəstək göstərilib, eləcə də Qızılağac qoruğunun GIS elektron xəritəsi tərtib edilib. Bundan əlavə, layihə komandası meşə gözətçilərinin və onların gözətçi məntəqələrinin tikintisi və təmiri də daxil olmaqla iş şəraitinin yaxşılaşdırılmasını planlaşdırır.
BMT-nin Rezident Əlaqələndiricisi və BMT İnkişaf Proqramının Rezident Nümayəndəsi Qulam İshaqzai bildirib ki, əsas məqsəd qoruğun Milli Park səviyyəsinə transformasiya olunmasıdır: "Bu məsələnin həm milli, həm beynəlxalq səviyyədə təşviq olunması bizim üçün əsas prioritet məsələlərdən biridir. Ona görə də qlobal ekoloji fond və ETSN ilə birgə belə bir layihə həyata keçiririk, bu, qoruğun Milli Park səviyyəsinə transformasiya olunmasında layihənin əsas məqsədlərindən biridir".
Layihə komandası bacarıqların artırılması üzrə işçi heyətinə təlimlər təşkil edəcək, idarəçilik və maliyyə planlarının, eləcə də dəniz və sahilyanı qorunan ərazilərin uzunmüddətli dayanıqlılığını təmin etmək üçün Ekosistem Monitorinq Proqramının hazırlanmasına və Qızılağac qoruğunun Milli Parka çevrilməsinə kömək edəcək.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi