Orucluqda hansı əməllərə riayət olunmalıdır? - HACI ŞAHİNİN AÇIQLAMASI

"Mayın 27-də müqəddəs Ramazan ayı başlayır. Qurani-Kərimin nazil olduğu bu ayda Allah müsəlmanlara oruc tutmağı vacib buyurub. Qurani-Kərimin “Bəqərə” surəsində Allah buyurur ki, “Sizdən öncəkilərə vacib edildiyi kimi, oruc tutmaq sizlərə də vacib edildi ki, bəlkə təqvalı olasınız”. Bu fikirləri  APA TV-yə müsahibəsində ilahiyyatçı alim Hacı Şahin Həsənli deyib: "Orucun hökmləri şəriət kitablarında geniş şəkildə dərc olunur. Yəni sübh azanından axşam azanına kimi bir sıra əməlləri tərk etmək oruc tutana vacib buyurulur. Yemək-içmək, suya tamamilə baş vurmaq, qatı toz udmaq, Allah, peyğəmbər və imamların adından yalan danışmaq və digər bu kimi əməllərdən insanların çəkinməsi oruc tutduğu müddətdə vacibdir".

 

"Hədislərimizdə qeyd olunur ki, oruc ibadətlərin ən üstünü, çətin olanıdır", deyən Hacı Şahin əlavə edib ki, yay fəslində gün uzun olduğundan, suya daha çox ehtiyac duyulduğundan, tutulan orucun fəziləti daha artıqdır.

 

İlahiyyatçı əlavə edib ki, fiziki qüsurları və ya hər hansı bir xəstəlikləri olan insanlar oruc tutmaqdan azaddır: "Bir qrup insanlar vardır ki, onlar oruc tutmaqdan azaddırlar. Bu, hər xəstə insana aid edilmir. Qurani-Kərimdə qeyd edilir ki, sağlamlıq durumlarına ciddi mənfi təsir göstərən insanlar oruc tuta bilməzlər. Eyni zamanda, oruc tutmağa taqətləri olmayan çox yaşlı, ahıl insanlar, hamilə qadınlar oruc tutmamalıdırlar".
 

"Dərman preparatları qəbul edən insan oruc tuta bilərmi?" sualını cavablandıran Hacı Şahin qeyd edib ki, əgər bir insan sahurdan sonra dərman qəbul edirsə, oruc tuta bilməz. Həmin insanlar sonra tuta bilmədiyi orucun qəzasını tuta bilərlər. Səfərə çıxanların oruc tutmasına gəlincə: "Səfərdə olan insanlar 10 gündən az müddətdə səfərdədirsə və gedib-gəlmək məsafəsi 45 kilometrdirsə, onda onlar oruc tutmurlar. Amma getdikləri yerdə 10 gündən çox qalacaqlarsa, onlar oruc tutmalıdrlar".

 

İlahiyyatçı qeyd edib ki, oruc insan sağlamlığına müsbət təsir göstərir: "Yalnız arıqlamaq üçün oruc tutmaq orucun fəlsəfəsi, həqiqəti, mahiyyəti  ilə düz gəlmir. Oruc Allah üçün, Allah razılığı əldə etmək üçün tutulmalıdır. Orucun niyyəti arıqlamaq ola bilməz. Oruc tuta bilməyənlər imkan daxilində yaxşı olardı ki, hər günün əvəzində 750 qram buğda həcmində fəqir insanlara yardım etsinlər".

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR