Kəmaləddin Heydərov: "Nazirliyimiz AMEA-nın elmi potensialından maksimum istifadə edəcək"
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində AMEA və Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbərliklərinin iştirakı ilə işçi müşavirə keçirilib.
APA TV-nin məlumatına görə, müşavirədə AMEA ilə FHN arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
AMEA prezidenti Akif Əlizadə görüşün baş tutmasını çoxdan arzuladığını deyib. FHN-nin olduqca böyük işgüzarlıqla fəaliyyət göstərdiyini vurğulayan natiq, akademiyada bəzi islahatlara başlamaq istədiklərini vurğulayıb. Akademik deyib ki, bu gün Bakıda 2-3 texnopark var. Amma akademiyanın texnoparkı yoxdur.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov görüş üçün AMEA rəhbərliyinə təşəkkür edib. Nazir deyib ki, prezident İlham Əliyevin bu gün ölkədə apardığı siyasətin tərkib hissələrindən biri də elmin inkişafıdır:
"Akif müəllim akademiyanın prezidenti seçildikdən sonra mühüm yeniliklər baş verib və bu, bütün istehsalçıları, qurum rəhbərlərini sevindirir. Azərbaycan elminin tarixi çox uzundur. Bizim alimlərimizin ixtiraları nəticəsində vaxtilə tərkibində olduğumuz Sovet İttifaqında böyük müvəffəqiyyətlər əldə olunub. İkinci Dünya müharibəsində akademik Yusif Məmmədəliyevin yüksək oktanlı benzini ixtira etməsini və başqa ixtiraları qeyd etmək olar. Neft-kimya, kənd təsərrüfatı və digər mühüm sahələrdə alimlərimizin kəşfləri, ixtiraları və onların istehsala tətbiqləri iqtisadiyyata böyük xeyir gətirib".
"Prezident İlham Əliyevin tapşırığı ilə biz hamımız - o cümlədən Fövqəladə Hallar Nazirliyi, Elmlər Akademiyasının potensialından maksimum dərəcədə istifadə etmək niyyətindəyik", - deyən nazir Kəmaləddin Heydərov müxtəlif sahələrdə gedən inkişafda Azərbaycan elminin böyük rolu olduğunu bildirib.
"Eyni zamanda, bunları istehsala, öz işlərimizə, xidmət sektoruna tətbiq etməyə həm elmi yanaşma kimi, həm də səmərəliliyin artırılması kimi baxırıq. Bu gün müstəqil Azərbaycanın iqtisadiyyatında, sənayesində, müxtəlif sahələrdə gedən inkişafda Azərbaycan elminin böyük rolu var. Biz müəyyən işlər görəndə xaricdən alimlər, mütəxəssislər dəvət edirik. Açığı bu, iqtisadi cəhətdən o qədər də sərfəli deyil. Azərbaycanda müxtəlif istiqamətlər üzrə gözəl alimlərimiz var. AMEA ilə aparılacaq elmi tədqiqatlar, alınacaq nəticələr əgər bizim öz istehsalımıza tətbiq olunacaqsa, ölkəmiz üçün iqtisadi, müdafiə, mülki-müdafiə, yanğın nəzarəti, kənd təsərrüfatı sahələrində, eləcə də bitki örtüyünün dəyişdirilməsi, torpağın analizlərinin mükəmməlləşdirilməsində böyük faydalar verəcək".
Daha sonra AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkbərov "Azərbaycanda müasir texnologiyalarla innovativ yönümlü tədqiqatlar və perspektivlər” mövzusunda təqdimatla çıxış edib. O deyib ki, təxmini hesablamalara görə, ixrac potensialı yüksək olan yeni fındıq bağlarının salınması üçün növbəti 3-5 il ərzində milyonlarla ting tələb olunacaq. Direktor qeyd edib ki, tərəvəz istehsalının artırılması sevindirici hal olsa da, bu sahədə bir sıra problemlər qalmaqdadır:
"Fermerlər əsasən bütün tərəvəz bitkilərinin toxumlarını xarici ölkələrdən alırlar".
Z. Əkbərov ötən il respublikada 2 milyon tona yaxın buğda dəni istehsal edildiyini vurğulayıb:
"Artıq buğdanın bir neçə sortu yaradılıb, rayonlaşdırma və ilkin toxumçuluğu təşkil edilib".
Müşavirə çıxışlarla davam edib.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi