OPEK sammitindən gözləntilər nefti bahalaşdırır

Hasilatın azaldılmasına dair razılaşmanın taleyi ilə bağlı qeyri-müəyyənlik neft bazarına ciddi təsir göstərir. Vyanada "OPEK+" formatında keçirilən sammit ərəfəsində iştirakçı ölkələrin fərqli açıqlamaları neftin qiymətini 54 dollar ətrafında sabitləşdirib.

 

İranın neft nazirinin açıqlamaları gün ərzində qiymətləri ucuzlaşdırsa da, sonradan OPEK cəbhəsindən gələn xəbərlər "qara qızıla" dəstək olub. Nazir Bejan Zanqane razılaşmanın müddətinin 3 ay artırıla biləcəyini deyib, bundan sonra "Brent" markalı neft 53,78 dollaradək ucuzlaşıb. Daha sonra qiymətlər yenidən əvvəlki səviyyəyə qalxıb və hazırda "Brent" nefti 54,51 dollardan satılır. Qərbi Texas neftinin qiyməti isə uzun fasilədən sonra ilk dəfə 51,86 dollar səviyyəsinə qalxıb.

 

Qiymətlərin bahalaşmasına ABŞ-ın neft ehtiyatlarının sürətlə azalması amili də təsir göstərib. ABŞ Energetika Nazirliyinin həftəlik hesabatına əsasən, ölkənin kommersiya neft ehtiyatları 4,43 milyon barel, benzin ehtiyatları isə 787 min barel azalıb. Bununla da ABŞ-da artıq yeddinci həftədir ki, neft ehtiyatlarının azalması müşahidə olunur. Maraqlıdır ki, Amerika Neft İnstitutu və "Bloomberg" agentliyinin sorğusunda iştirak edən ekspertlər ehtiyatların 1 milyon barel səviyyəsində azalacağını proqnozlaşdırmışdı. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR