QMİ sədrindən Ramazan qadağası: "İftara qədər məclislərə getməyin!"

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan ayı boyunca din xadimlərinə çıxışlarında, xüsusilə axund və imamlara moizələrində məzhəb adı çəkməyi, sünni və şiə fərqləndirmələrini qadağan edib.

 

APA TV-nin məlumatına görə, o, QMİ-də Ramazan ayı ilə bağlı keçirilən tədbirdə çıxış edib: "Ona görə də indidən sizə ay boyunca, ümumiyyətlə çıxış və moizələrinizdə məzhəb adı çəkərək fərqliliyə yol vermək, məzhəb ayrı-seçkiliyi salacaq ifadələr işlətməyi qadağan edirəm. Əgər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları bununla bağlı mənə hər hansı siqnal çatdırsalar, dərhal tədbir görüləcək. Çünki bizdə məzhəb fərqliliyi yoxdur, olmayacaq".

 

QMİ Ramazan təqvimindən istifadə ilə bağlı dindarlara xəbərdarlıq edib:

 

"Digər mənbələrdən daxil olmuş, təxribat və təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi yolverilməzdir".

 

Şeyxülislam Hacı Allahşükür Paşazadə axund və imamlara, ümumiyyətlə, bütün dindarlara Ramazan ayında iftardan əvvəl məclislərdə iştirak etməmək barədə göstəriş verib.

 

Onun sözlərinə görə heç bir müsəlman din xadimi Ramazan ayında iftardan əvvəl məclislərin iştirakçısı və təşkilatçısı olmamalıdır:

 

"Biz nümunə olmalıyıq. Siz də mənim nümayəndələrimizsiniz. Ona görə belə məsələdə diqqətli olun. Əvvəldən deyirəm ki, biləsiniz, sonra məni tutduğunuz vəzifədən kənarlaşdırmaq barədə qərar vermək məcburiyyətində buraxmayın. Çünki əks halda belə qərar verəcəyəm”.

 

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı Fətva verib.

 

"Əminik  ki, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi və yerli İcra Hakimiyyətlərinin müvafiq qurumları bu məsələdə bizə köməkçi olacaq, kütləvi informasiya vasitələri və sosial mediada QMİ-nin tərtib etdiyi, məzhəb ayrı-seçkiliyinin  yolverilməzliyi  baxımından vacib olan təqvimin təbliği və yayılmasına nəzarət edəcək", - deyə Fətvada bildirilir.

 

Fətvada qeyd olunur ki, Eydül-Fitr - Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyun ayının 26-na təsadüf edəcək.

 

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR