"Baku Shopping Festival"ın nəticələri: NƏ QƏDƏR XƏRCLƏDİK, NƏ QƏDƏR QAZANDIQ?

"Festivalın keçirilməsi haqqında qısa müddətdə qərar verildi və hazırlıq işlərinə başlanıldı. Müvafiq dövlət orqanlarının səyləri nəticəsində festival yüksək səviyyədə baş tutdu".

 

APA TV-nin məlumatına görə, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Şopinq Festivalının nəticələrinə həsr olunan tədbirdə deyib: "Festivalın keçirilməsinə cəmi 700 min manat xərclənib. Ümumi büdcə 1 milyon manatı keçməyib. Büdcəyə isə 5,6 milyon manat vəsait daxil olub".

 
Nazir bildirib ki, festivalların keçirilməsi büdcəyə 40-50 milyon vəsaitin daxil olmasına imkan verəcək. Onun sözlərinə görə, xüsusilə, festival sosial şəbəkələrdə böyük marağa səbəb olub. Əbülfəs Qarayev qeyd edib ki, may ayının ilk 10 günündə Bakıya 70 mindən artıq turist gəlib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 32 faiz çoxdur. Nazir əlavə edib ki, artıq növbəti ticarət festivalının hazırlıqlarına başlanıb. Bu dəfə hədəf 500 ticarət obyektinin cəlb olunması, məhsul çeşidinin artırılması, eləcə də Bakını ticarət mərkəzinə çevirməkdir.  

 

Vergilər nazirinin müavini Sahib Ələkbərov isə qeyd edib ki, Bakı Şopinq Festivalının ümumi dövriyyəsi 18 milyon 167 min 892 manat olub. Onun sözlərinə görə, təbliğat kampaniyasının yaxşı təşkil olunması nəticəsində 15 milyonluq alış-veriş edilib: "Bakı Şopinq Festivalının son günlərində banklarda nisbətən sıxlıq yaranmışdı. Bunun üzərində iş gedir. Növbəti festivalda təkcə, banklar deyil, bankomatlar da bu sistemə qoşulacaq. Alıcılar vəsaitlərini xüsusi şifrələrlə ƏDV köşkündə, alıcı hesab fakturasını təsdiqlədəndən sonra, xüsusi kod vasitəsilə vəsatini geri ala biləcək". 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR