Bilgəhdə silahlı insident: borc üstündə keçmiş şərikini güllələdi - TƏFƏRRÜAT

Bilgəh qəsəbəsində  baş verən silahlı insidentin detalları bəlli olub. Hadisə ötən gecə Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini, Ramid Əzizağa oğlu Rəhimov aralarında yaranmış mübahisə zəminində tanışı, Tərlan Ağarəsul oğlu Dadaşovu öldürmək məqsədi ilə güllələyib. Nəticədə ağır yaralanan T. Dadaşov xəstəxanaya yerləşdirilib.

 

Həyata keçirilən tədbirlər nəticəsində R. Rəhimov tutulub. Rəhimov ilkin ifadəsində Tərlan Dadaşovla əvvəllər  şərik kimi işlədiklərini bildirib. Kənd təsərrüfatı sektorunda çalışan dostlar arasında sonradan narazılıq yaranıb və şəriklər ayrılıblar. Ayrılan zaman Tərlan Dadaşovun Ramid Rəhimova 2000 manat borcu qalıb. Lakin zərərçəkən əvvəllər bu pulu verəcəyini desə də, sonradan vədindən imtina edib. Növbəti dəfə Ramid pulu istəyən zaman 1976 -cı il təvəllüdlü Tərlan Dadaşov onu təhqir edərək döyüb. Bundan qəzəblənən Ramid evində olan lüləsi kəsilmiş, kustar üsulla hazırlanan silahla ona iki dəfə atəş açıb.

 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR