Azad Rəhimov: "İslamiada Rio Olimpiadasından daha yaxşı təşkil olunmuşdu"

Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Azərbaycan millisi üçün uğurlu alınıb. APA TV-nin məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov İslamiadanın yekunlarını belə dəyərləndirib. Nazir Bakıda baş tutan İslamiadanın Rioda keçirilən Yay Olimpiya Oyunlarından daha yüksək səviyyədə təşkil olunduğunu bildirib: "Olimpiadada olduğu kimi islam ölkələri arasında birinci oldu. Bu gün 162 medal, o cümlədən 75 qızıl, 50 gümüş, 37 bürünc mükafat qazanan Azərbaycan çox yaxşı nailiyyət göstərib. Bakıya gələn 54 ölkənin idmançılarının 70 faizi fəxri kürsüyə yüksəlib. 2 il ərzində planlaşdırılan işlərimiz bütün sahələrdə uğurla həyata keçirilib".

 

Nazir bildirib ki,  4-cü İslam Həmrəyliyi Oyunlarında 59 ölkədən 360 min bilet alınıb. Bilet satışından təxminən 3 milyon manata yaxın gəlir əldə edilib. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə  idmançılarımızın İslamiadada   yüksək səviyyədə çıxış etdiyini bildirib: "IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın qazandığı uğurlar onu göstərir ki, Azərbaycanda bütün idman növləri inkişaf edir. Azərbaycanlı idmançıların qazandığı medalların sayı 162 olsa da, medalçıların sayı 200-dən çoxdur. Çünki biz basketbol, voleybol, həndbol, futbol və digər komanda oyunlarında uğur qazanmışıq”.

 

İslam Həmrəyliyi İdman Federasiyasının Koordinasiya Komissiyasının üzvü Əşrəf Seyid Dahruq bildirib ki, Azərbaycan böyük idman yarışlarını, hətta Yay Olimpiya Oyunlarını da təşkil etməyə qadirdir: "Təbii ki, burada da kiçik problemlər oldu. Amma bu, yüksək təşkilatçılığa kölgə salmadı. Burada Beynəlxalq Olimpiya Komitəsinin üzvləri də vardı. Deyərdim ki, təşkilatçılıq Riodan çox yaxşı oldu".   

 

Gənclər və idman naziri Azad Rəhimov 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarının ev sahibliyinə namizədlər arasında Azərbaycanın olmadığını deyib. O bildirib ki, Azərbaycan 2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürə bilər. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR