Azərbaycanda “Azad ticarət zonası haqqında” qanun layihəsi hazırlanıb
"Azərbaycanda Azad Ticarət Zonasının (ATZ) yaradılması üzrə konsaltinq xidmətləri göstərən dünyanın ən iri liman operatorlarından biri “Dubai Port World" şirkəti “Azad ticarət zonası haqqında” qanun layihəsi hazırlayıb".
APA TV-nin məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Bakıda aidiyyəti dövlət qurumlarının iştirakı ilə Ələt azad ticarət zonasının yaradılması ilə bağlı beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmış hesabatın təqdimatı zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir qeyd edib ki, “DP World” şirkəti ilə ötən il müqavilə imzalanıb: “Bu müddət ərzində şirkət böyük işlər görüb. Bunu 3 əsas istiqamətə bölmək olar. Bu, ərazinin baş planının hazırlanması, "Azad Ticarət Zonası haqqında” qanun layihəsinin işlənməsi, eləcə də layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasıdır”.
Ş. Mustafayevin sözlərinə görə, təkliflər zəruri dövlət qurumlarının nümayəndələri ilə müzakirə edildikdən sonra dövlət başçısına təqdim olunacaq.
Nazir əlavə edib ki, Bakı limanında 2016-cı ildə 3 mln. ton yük daşınıb, yeni limanda isə yük daşıma həcminin 15 mln. tona çatdırılacağı nəzərdə tutulub: "2017-ci ilin birinci rübündə avtomobillə daşımaların həcmi 50% artıb. Bundan başqa, ötən ilin birinci rübü ilə müqayisədə cari ilin müvafiq dövründə neft daşımalarının həcmində 34%, qeyri-neft daşımalarının həcmində isə 50% artım qeydə alınıb".
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov qeyd edib ki, Azərbaycanda azad ticarət zonası (ATZ) bu il işə düşəcək: "Azərbaycanın İpək Yolu ilə bağlı ortaya qoyduğu konsepsiya rəqabəti daha dözümlü etməklə yanaşı, ətrafda əlavə dəyər yaratmağı mümkün edəcək. Məsələn, Avropaya gedən yük konteyneri bilavasitə Rusiyaya gedirsə, bizim konsepsiyada onun Ələt zonasında açılıb, məhsullara əlavə dəyər qatıldıqdan sonra ixracı nəzərdə tutulub. Bir sözlə, Azərbaycanın İpək Yolu konsepsiyası daha innovativdir, yerli qeyri-neft sektoruna əlavə dəyər qatmaq məqsədi daşıyır".
Qeyd edək ki, bu gün Bakıda aidiyyəti dövlət qurumlarının iştirakı ilə Ələt azad ticarət zonasının yaradılması ilə bağlı beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmış hesabatın təqdimatı keçirilib.
Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi