Təhsil nazirinin müavini: "Tələbə-könüllülərə tədris prosesində güzəştlər ediləcək"

IV İslam Həmrəyliyi oyunlarında iştirak edən tələbə-könüllülərə tədris prosesində güzəştlər ediləcək. APA TV-nin məlumatına görə, bu fikirləri təhsil nazirinin müavini Firudin Qurbanov deyib. O bildirib ki, İslamiadanın məşq proseslərində iştirak edən könüllər bəzi dərslərdə, tədris prosesində iştirak edə bilməyiblər. Onun sözlərinə görə, bununla bağlı nazirliyin bütün təhsil ocaqlarına tapşırıq və tövsiyələri olub ki, könüllülərin iştirak etmədikləri dərslərdə qayıbları üzrləri hesab edilsin. Nazir müavini qeyd edib ki, kurs işi, diplom işinin müdafiəsində iştirak edə bilməyən könüllü-tələbələr üçün əlavə vaxt ayrılacaq.

 

"Bu çətinlik əsasən IV kursda olub, çünki İslamiadanın məşqləri onların imtahan sessiyası dövrünə düşüb. Bu prosesin hamısı tənzimlənəcək. Ali məktəb rəhbərlikləri bu barədə məlumatlıdır və lazımi işlər görüləcək. Ölkə üçün siyasi, iqtisadi, mədəni əhəmiyyət daşıyan mötəbər yarışda iştirak edən tələbə-könüllülərə bütün lazımi güzəştlər göstəriləcək".

 

Firudin Qurbanov əlavə edib ki, bu yarışlarda Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Texniki Universitetin tələbələri üstünlük təşkil edib.

 

Qeyd edək ki, bu gün Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib. 

 

Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, “eTwinning Plus” layihəsi çərçivəsində müəllim və şagirdlər XXI əsr bacarıqlarının artırılması istiqamətində beynəlxalq səviyyəli təlim və kurslarda iştirak edirlər.

 

Paytaxt məktəblərində I sinfə şagirdlərin qəbulu davam edir. Nazir müavini bildirib ki, artıq elektron qeydiyyat sistemi hədəfinə çatıb, valideynlər bu prosesə daha məsuliyyətlə yanaşır. I sinfə qeydiyyatın martın 15-də başlandığını xatırladan nazir müavini qeyd edib ki, ilk 20 gündə valideynlər 80 faizi uşağını məktəblərdə qeydiyyatdan keçirib.

 

"Bu, bir sıra qərarların qəbulu, siniflərin açılması, müəllimlərin çatışmazlığı və digər qərarların qəbulu üçün vacibdir. Mövcud vəziyyəti öncədən bilmək idarəetmədə daha rahat tənzimlənmə işlərinin həyata keçirilməsinə şərait yaradır".

 

Qeyd edək ki, “eTwinning Plus” layihəsi üzrə keçirilmiş müsabiqələrin nəticələrinə əsasən, 2016-cı ilin 6 ayı ərzində layihədə iştirak edən 18 müəllim mükafat qazanıb.

  

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR