Mehriban Əliyeva: “Azərbaycan növbəti tarixi qələbəyə imza atdı”

“Azərbaycan növbəti tarixi qələbəyə imza atdı. Bu Oyunların Azərbaycanda keçirilməsi İslam aləminin Azərbaycan hörmətinin təzahürüdür". APA TV-nin məlumatına görə, bunu IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimindəki çıxışında birinci vitse-prezident və “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva deyib. Mehriban Əliyeva müstəqil Azərbaycanın növbəti beynəlxalq qələbəsi – IV İslam Həmrəyliyi Oyunlarının başa çatması münasibətilə hamını təbrik edib və təşəkkürünü bildirib.

 

Azərbaycan komandasının ümumilikdə 162, o cümlədən 75 qızıl medal qazanaraq, medallar cədvəlində birinci yer tutaraq, xalqımızı bir daha fərəhləndirdiyini vurğulayan Mehriban Əliyeva idmançılarımıza müraciətlə deyib ki, onların fədakarlığı və ustalığı həmvətənlərimizi ilhamlandırır və gələcək nəslə ən parlaq nümunə kimi xidmət edəcək.

 

“Lakin son 10 gün ərzində burada, Bakıda bizim üçün və hamı üçün əsl qələbə bu Oyunlarda gördüyümüz İslam aləminin həmrəyliyi oldu. Olduqca fərəhləndiricidir ki, Azərbaycan xalqlar arasında dostluq ruhuna dəstək verdi. Biz hamımız gələcəkdə bu ülvi missiyanın davam etdirilməsi üçün yorulmadan çalışmalıyıq”, - deyə birinci vitse-prezident bildirib.

 

Oyunların uğurlu olmasında könüllülərin böyük rolunu qeyd edən Mehriban Əliyeva onları İslamiadanın “geniş qəlbi” adlandırıb və gördükləri işlərə görə hər birinə minnətdarlığını ifadə edib.

 

“Mən məmnuniyyətlə elan edirəm ki, növbəti İslam Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək. Biz türk qardaş və bacılarımıza böyük müvəffəqiyyətlər arzulayırıq”, - deyən Təşkilat Komitəsinin sədri IV Bakı İslam Həmrəyliyi Oyunlarını bağlı elan edib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR