İslamiadanın bağlanış mərasimi keçirildi

Bakıda IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib. APA TV-nin məlumatına görə, Azərbaycan bayrağı Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri tərəfindən stadiona gətirilərək, Kral Filarmonik Orkestrinin ifasında səsləndirilən dövlət himnimizin sədaları altında dirəyə qaldırılıb. Stadion üzərində Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başlayıb.

 

Daha sonra idmançıların paradı keçirilib. İslam Həmrəyliyi Oyunlarında iştirak edən atletlər öz ölkələrinin milli bayraqları ilə stadiona daxil olublar. Paradı ev sahibi olan Azərbaycan atletləri tamamlayıb. Tamaşaçılar Oyunlarda möhtəşəm qələbə qazanmış idmançılarımızı ayaq üstə, sürəkli alqışlarla salamlayıblar.

 

Stadiondakı ekranlarda 10 günün unudulmaz anları, idman yarışlarından epizodlar nümayiş etdirilib.

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdüləziz Al Nasser çıxış ediblər.

 

Monitorlarda 2021-ci ildə V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək İstanbul şəhərindən görüntülərin, idman qurğularının əks olunduğu videoçarx nümayiş etdirilib. Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri İslam Həmrəyliyi İdman Federasiyasının bayrağını endiriblər. İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasser bayrağı Türkiyənin gənclər və idman nazirinin müavini, “İstanbul-2021” İslam Həmrəyliyi Oyunlarının nümayəndəsi Kamuran Özdənə təqdim edib.

 

Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam etdirilib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR