Lənkəranda möcüzə: evə su axır, sonra ev yanır - REAL GÖRÜNTÜ

Lənkəranda yaşayış evində  qeyri-adi hadisələr baş verir. APA TV-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəranın Aşağı Nüvədi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1948-ci il təvəllüdlü Davud Bağırzadəyə məxsus evdə 45 gündür ki, mənbəyi bilinməyən yerdən  divarların, ev əşyalarının  üzərinə su tökülür. Su axan yerlər qazılsa da, su mənbəyi aşkar olunmayıb: "47 ildir beton tökmüşəm bura, su özbaşına çıxır. Evin içərisi hamı su altındadır. 45 gündür belədir. İndi də dünəndən əşyalar yanmağa başlayıb". 


 Artıq iki gündür ki, ayrı-ayrı vaxtlarda gün ərzində dəfələrlə  evdə kiçik yanğın hadisələri müşahidə olunur. Yanğın nəticəsində xalçalar, geyim əşyaları yanır: "Nəvəm çağırdı məni. Sübh çağı gördüm ev iy verir. Baxdım ki, arxamda yorğan döşəyim od tutub yanır. Su gətirdik, bəs etmədi. Zəng vurdum yanğınsöndürənlər, sag olsunlar hamısı gəldilər. Gecə -gündüz də burada mənimlə qalırlar.

Ev sahibi Fövqəladə Hallar Nazirliyinin Cənub Yanğından Muhafizə İdarəsinə müraciət edib. İki gündür idarənin bir yanğınsöndürən avtomaşını və 3 yanğınsöndürən evdə keşik çəkir. Evdən bütün əşyalar çıxarılıb. Buna baxmayaraq indi yanğın əşyaların yığıldığı qarajda baş verir. Bu gün isə evdə olan qapı pəncərə alışaraq yanır: "Azı 40-50 dəfə olar ki belə yanğınlar baş verir. Bu gün 10 dəfə olub, özünüz görürsünüz, hamısı öz-özünə yanır. Paltar yuyan yanıb, televizor yanıb. Dünən televizor od tutub yandı".

Hadisədən təkcə ev sahibləri deyil, bütün qonşular belə narahatdır. Onların sözlərinə görə, uzun illərdir qonşuluqda yaşayırlar, amma ilk dəfədir ki,  belə bir hadisə ilə qarşılaşıblar: "Eşitdim, gəldim. Dünən  oturmuşdum qonşu gəlinin yanında, bir də gördüm dedilər evin içində yanğın başlayıb. Evin içinə girdim, gördüm ki üstü od tutub yanaraq tökülür döşəmənin üstünə. Çıxıb çöldə bir az  əyləşdim, dedilər ki indi də o biri evdə yanır. Mən gözümlə gördüm ki, yanır".Hadisə yerində olan FHN-nin əməkdaşları yanan əşyalardan nümünələr götürərək, nazirliyin müvafiq qurumlarına ekspertizaya göndəriblər. Hazırda evdə bütün elektrik və qaz xətləri bağıansa da, yenə kiçik yanğınlar müşahidə olunur. Qeyd edək ki, qeyri-adi hadisələr baş verən bu evdə bir ailənin 6 üzvü  yaşayır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR