Bərdədə kanalizasiya quyusu partladı: 2 yaralı
Bərdə şəhərində kanalizasiya quyusunda partlayış baş verib. APA TV-nin Qarabağ müxbirinin məlumatına görə, hadisə Ədalət Ədilov küçəsi, ev 34 ünvanında qeydə alınıb.
Həmin ünvandakı həyətin kanalizasiya quyusunda baş verən partlayış nəticəsində 1984-cü il təvəllüdlü Nüşabə Naibova və 40 yaşlı Niyaməddin Qarayev müxtəlif bədən xəsarətləri alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Travmatoloq Nazim Səfərov xəstələrin vəziyyətinin qənaətbəxş olduğunu bildirib: "Saat 5 radələrində iki nəfər xəstə təcili yardım maşını ilə gətirilmişdi. Xəstələrdən biri Ağdam rayon sakini, hazırda Bərdədə məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayan Niyaməddin Qarayevdir. O, qolunun said nahiyəsində dirsək sümüyünün sınığı ilə yanaşı, yanıq xəsarəti ilə də xəstəxanaya daxil olub. Naibova Nüşabədə də bədənin müxtəlif nahiyələrində sıyrıntılar var idi. Hər iki topuq nahiyəsində ağrıları var. Müayinə zamanı Naibovada heç bir sümükdə patoloji dəyişiklik olmadığı aşkar edildi".
Bərdə Su Kanalizasiya İdarəsinin rəisi Şəmil Ziyadov APA TV-yə bildirib ki, vətəndaş Elşən Cavadov evinin qarşısında 6 metrlik kanalizasiya quyusu qazıb və həmin kanalizasiya quyusunun Bərdə Su Kanalizasiya İdarəsinə heç bir aidiyyəti yoxdur, vətəndaşın özü tərəfindən qazılıb: “Bu gün Elşən Cavadovun anası Aşa Cavadova kanalizasiya quyusunun qapağını açıb və quyuya baxmaq üçün ora batareya işığı salıb. Partlayış da məhz bu zaman baş verib. Çünki kanalizasiya quyusunda həmişə metan qazı olur”.
Xoşbəxtlikdən partlayış zamanı ölüm hadisəsi olmayıb.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi