İslamiadanın bağlanış günü nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu vaxta qədər 1000-dən çox sürücü xüsusi zolaqlarla bağlı pozuntuya yol verildiyi üçün cərimələnib.

 

APA TV-nin xəbərinə görə, bunu Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

 

Onun sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunlarının mayın 22-də keçiriləcək bağlanış mərasimi günü Heydər Əliyev prospektinin "Excelsior" otelinin qarşısındakı yol qovşağından Sabunçu dairəsinədək olan hissəsi və Neftçilər prospektinin "Azneft" meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarından sonra ümumi yol hərəkəti üçün bağlı olacaq.

 

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev isə bildirib ki, mayın 22-də "Koroğlu" nəqliyyat mübadilə mərkəzinə Bakıətrafı kənd və qəsəbələrdən daxil olan 29 marşrut xətt üzrə avtobusların hərəkətində dəyişiklik olacaq. Səhər saatlarından başlayaraq Zabrat-Maştağa istiqamətindən “Koroğlu” nəqliyyat mübadilə mərkəzinə gələn avtobusların hərəkət istiqaməti Bakıxanov dəmir yolu stansiyasına, Mərdəkan-Buzovna-Qala-Bül-Bülə qəsəbələri istiqamətindən gələn avtobuslar Aeroport yolu-Zığ beton yolu-Gəncə prospekti və “Həzi Aslanov” metro stansiyasına istiqamətləndiriləcək.

 

Onun sözlərinə görə, İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü Bakı Nəqliyyat Agentliyi 430 avtobus ayıracaq. Açılış mərasimində isə 350 avtobus fəaliyyət göstərib.

 

M.Ağayev deyib ki, bütün avtobuslarda CPS sistemi quraşdırılıb və sürücülər, açılış mərasimi günündə olduğu kimi, əvvəlcədən tibbi müayinədən keçiriləcək.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR