İslamiadanı işıqlandıran əcnəbi jurnalistlər - REPORTAJ
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarını işıqlandırmaq üçün minə yaxın yerli və xarici jurnalist müraciət edib. Onlardan 260-sı əcnəbi jurnalistdir.
APA TV-nin bugünkü reportajının qəhrəmanları da məhz dünya ölkələrini İslamiada barədə məlumatlandırmaq üçün paytaxtımıza təşrif buyuran həmkarlarımızdır.
"Middle East" xəbər agentliyinin əməkdaşı Əsma İsmael deyir ki, oyunların təşkilatçılığından çox razıdır: "Burda həm oyunlarını təşkili, həm də həm qonaqların qarşılanması yüksək səviyyədədir. Bir jurnalist kimi deyə bilərəm ki internetin, lazımı avadanlıqların olması işimizi daha da asanlaşdırır. Burada olduğumuz müddətdə heç bir problemlə üzləşməmişik. Əksinə, bizə xüsusi diqqət göstərilir. Oyunlar barədə informasiyanı çox rahatlıqla əldə edib, çalışdığımız media orqanına göndərə bilirik".
Əlcəzairli fotoqraf Baxta Ben Yamina da yarışların təşkilatçılığı barədə yüksək fikirdədir: "İlk növbədə onu deyim ki, Azərbaycan çox gözəl ölkədir. Yarışlar çox gözəl və yüksək səviyyədə təşkil edilib. Açılış mərasimi də çox gözəl idi. Heç bir problemlə qarşılaşmamışıq, nəqliyyatla bağlı heç bir çətinliyimiz olmayıb. Jurnalistlər üçün yaradılan şəraitdən razıyam, iş prosesində heç bir çətinliklə üzləşməmişik. Yeməkləriniz də çox dadlıdır".
Əlcəzairin "Vouloir" telekanalının əməkdaşı Abdelkader Azouz da Baxta Ben Yamina ilə həmfikirdir. O, yarışların işıqlandırılmasında jurnalistlər üçün hər cür şəraitin yaradıldığını deyir: "IV İslam Həmrəyliyi Oyunlarında iştirak etdiyim üçün olduqca xoşbəxtəm. İlk növbədə açılış mərasimi son dərəcə gözəl və qeyri-adi təşkil olunmuşdu. Azərbaycan xalqı son dərəcə gülərüz və mehribandır. Əminəm ki, gələcəkdə yenidən Azərbaycana, bu böyük və gözəl şəhərinizə gəlmək imkanımız olacaq. Həm texniki personal, həm də atletlərimiz Azərbaycanda olmaqdan çox məmnundurlar".
Abdelkader Azouz Azərbaycanda gənclərin davranışına və mətbəximizə heyranlığını da gizlətməyib: "İlk növbədə gənclərin avtobusda yaşlı insanlara yer verməsi bir müsəlman üçün çox vacibdir ki, buna da ölkənizdə riayət olunur. Mətbəxinizdən də razı qaldım. Biz hər gün buradakı dadlı yeməklərdən zövq alırdıq. Buradakı yeməklərin bir çoxu Əlcəzairdə də bişirilir. Bu cür mədəniyyətə sahib olmağınız çox önəmli və maraqlıdır".
Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarını işıqlandırmaq üçün Bakıya gələn 260 əcnəbi jurnalistdən 193-ü iştirakçı ölkələrdən, digərləri isə İslam Əməkdaşlıq Təşkilatına üzv olmayan ölkələrin media nümayəndələridir.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi