Bir neçə medal qazanan idmançı hər birinə görə pul mükafatı alacaq
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları bu günədək 81 medal qazanıblar. Onlardan 41-i qızıldır.
APA TV-nin məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hesabat xarakterli mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İslamiadada rəqabət böyükdür: “İndiyə kimi 131 medal dəsti verilib. Yarışlarda iştirak edən 26 ölkənin təmsilçiləri medal qazanıblar. Bu da İslamiadada rəqabətin olmasının göstəricisidir. Hazırda 7 boksçumuz yarımfinaldadır, bu, 7 medal deməkdir. Voleybol və futbol yığmalarımız mübarizəni davam etdirir. Su polosu komandamız 3-cü yer uğrunda oynayacaq. Bu gün bizim üçün sevimli olan güləş yarışları başlayır. Yəni irəlidə daha çox medal qazanmaq imkanımız var”.
Azərbaycanın Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək ehtimalına münasibət bildirən nazir gələcəkdə bununla bağlı qərarı Milli Olimpiya Komitəsinin (MOK) verdiyini söyləyib:
"Yay Olimpiya Oyunlarının təşkili ilə bağlı qərarı MOK və onun prezidenti formalaşdırır. 2024-cü illə bağlı sifarişin verilməməsi məqsədəuyğun sayıldı. 2028-ci ilə isə hələ çox var”.
Hazırda medalların sayına görə komanda hesabında Türkiyədən sonra 2-ci pillədə qərarlaşan Azərbaycanın İslamiadanı 1-ci sırada bitirmək şansını dəyərləndirən Azad Rəhimov idmançılarımızın bunu bacaracaq potensiala sahib olduqlarını qeyd edib: “Şanslarımız yüksəkdir. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında İslam ölkələri arasında birinci olduğumuz kimi, burada da qalib gələ billərik”.
Nazir qeyd edib ki, Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarına pul mükafatları qazandıqları medal sayına uyğun ödəniləcək. Birdən çox medal qazananlara yalnız bir medal üçün nəzərdə tutulan mükafatın ödəniləcəyi barədə söz-söhbətlər isə həqiqətə uyğun deyil: "Prezidentin sərəncamı var və heç bir söz-söhbət bu sərəncamı dəyişdirə bilməz".
Qeyd edək ki, İslamiadada Azərbaycan idmançılarından güllə atıcısı Ruslan Lunyov və üzgüçü Maksim Şemberev 4 qızıl medal qazanıb. Prezident İlham Əliyevin sərəncamına əsasən, qızıl medalçılara 100 min manat pul mükafatı ödəniləcək. Bundan başqa, 50 min manat isə Milli Olimpiya Komitəsi tərəfindən ödəniləcək.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi