ÜAK-ın ləğvi Milli Məclisdə etirazla qarşılandı

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi məsələsi Milli Məclisin bu gün keçirilən iclasında narazılığa və mübahisələrə səbəb olub.

 

APA TV-nin məlumatına görə, millət vəkili Siyavuş Novruzov qeyd edib ki, ÜAK-ın qeydiyyatının ləğvi hər kəsi narahat edir: “Azərbaycanda rus məktəbləri fəaliyyət göstərir. Ermənistanda isə heç rus dilində bağça yoxdur. Biz beynəlxalq təşkilatların Rusiyaya qarşı mövqeyi fərqli olanda da həmişə neytrallığımızı qoruyuruq. Amma qarşı tərəf bunu nəzərə almır. Bununla bağlı Rusiya hökumətinə müraciət olunmalıdır. Bu cür addımlar münasibətlərin pisləşməsinə rəvac verir. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olaraq müraciət edəcəyəm ki, Azərbaycanda fəaliyyət göstərən Rusiyanın qeyri-hökumət təşkilatlarının fəaliyyəti yoxlanılsın, onlar hesabat versinlər”.

 

Zahid Oruc çıxışı zamanı bildirib ki, ÜAK-ın qeydiyyatının ləğvinin səbəbini anlamaq mümkün deyil və bu, ermənilərin Rusiya dövləti üzərində qələbəsidir: “Mən başa düşmürəm ki, Rusiya ilə əməkdaşlıqdan kimlər narahatdır? Əminəm ki, qeydiyyatın ləğvi məsələsi axıra kimi mümkün olmayacaq”.

 

Vitse-spiker Bahar Muradova isə deyib ki, bu, ilk növbədə Rusiyanın sərbəst toplaşmaq məsələsinə, vətəndaşına olan münasibətidir: “Biz Azərbaycanda rus dilini və mədəniyyətini ona görə inkişaf etdirmirik ki, bu, Rusiyanın xoşuna gəlsin. Sadəcə, biz burada yaşayanlara qarşı adekvat münasibət göstəririk”.

 

B.Muradova həmkarlarına tövsiyə edib ki, bu məsələ ilə bağlı fantaziyalara söykənib çox dərinə getmək də düzgün deyil. Vitse-spikerin çıxışı zamanı Z.Orucun yerdən replikası onun sərt təpkisinə səbəb olub: “Zahid Oruc, bəlkə imkan verəsən danışaq?"

 

Deputat Qüdrət Həsənquliyev isə deyib ki, nə qədər ki, Rusiyanın yanında ermənilər var, çətin ki, Rusiyanın bizimlə münasibətləri normal olsun: “Biz bütün məqamlara hazır olmalıyıq”.

 

Deputat Vahid Əhmədov bildirib ki, Rusiya faktiki olaraq Azərbaycanın müstəqilliyini qəbul etmək istəmir: “Eyni zamanda Azərbaycanın dövlət başçısının müstəqil siyasətini yaxın buraxmaq istəmir. Rusiya hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanla təhdid dili ilə danışır. Biz də buna hazır olmalıyıq. Bununla yanaşı, Azərbaycanda yaşayan rusdilli insanlara qarşı münasibəti eyni səviyyədə saxlamalıyıq. Bu məsələdə diqqətli olmalıyıq. Kimlərsə bundan ölkəmizə qarşı istifadə etməsinlər”.

 

Deputat Əli Hüseynli qeyd edib ki, son illər Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq yüksək səviyyədə olub: “Rusiya tərəfi bilməlidir ki, Ali Məhkəmənin qəbul etdiyi bu qərar münasibətlərə ciddi ziyan vurur. Ümid edirik ki, növbəti mərhələdə bu qərara düzəliş ediləcək”.

 

Spikeri Oqtay Əsədov ÜAK-ın ləğvi məsələsini Rusiya Dövlət Dumasının və Federasiya Şurasının sədrləri ilə müzakirə edəcəyini deyib: “Bununla yanaşı, artıq məktublar hazırlamışıq və bizim Rusiya ilə İşçi qrupunun adından o ölkənin müvafiq orqanlarına, o cümlədən Dumaya məktub ünvanlayırıq. Cavablarından asılı olaraq növbəti addımları atacağıq”.

 

İclas müzakirələrlə davam edib. 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR