Jurnalistlərə yeni mənzillərin verilməsi üçün qayda və şərtlər açıqlandı

Azərbaycanda jurnalistlərə yeni binada mənzillərin verilməsi üçün qayda və şərtlər açıqlanıb.

 

APA TV-nin xəbərinə görə, KİVDF-nin sədri Vüqar Səfərli bildirib ki, mənzillərin verilməsi üçün müvafiq sənədlər mayın 22-dən iyunun 22-dək bununla bağlı yaradılmış komissiyaya təqdim edilməlidir: "Ən azı son 3 ildə fasiləsiz fəaliyyət göstərən KİV (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet portalı və sayt) Komissiya tərəfindən müəyyən edilmiş şərtə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini irəli sürə bilər. Televiziya və radio yayımçıları 10, gündəlik qəzet və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd irəli sürə bilər. Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-də isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir".

 

Komissiyanın üzvü, MTRŞ sədri Nuşirəvan Məhərrəmli isə deyib ki, 10 nəfərin namizədliyinin irəli sürülməsi onların hamısının mənzillə təmin olunması kimi qəbul olunmamalıdır: "Elə televiziya və yayımçılar var ki, onların həm radio, həm televiziyaları var. Eləsi də var ki, yalnız radio yayımı ilə məşğul olur. Burda 10 nəfər göstərilməsi demək deyil ki, həmin 10 namizədin hamısı ev ala biləcək. Sadəcə, alternativlərin olması üçün bu qədər rəqəm seçilib".

 

Komissiya toplanan sənədləri iyunun 30-dək Prezident Administrasiyasına təqdim edəcək. Təqdimatlarda namizədin mənzil şəraitinin yaxşılaşdırılması kriteriyalarına uyğun gəldiyi əsaslandırılmalıdır. Jurnalistikanın inkişafında xidmətləri, peşəkarlığı, cəmiyyət tərəfindən tanınması və mənzilə ehtiyac kimi meyarlara üstünlük veriləcək. Azərbaycan jurnalistikasının inkişafında xidmətləri olan veteran jurnalistlər müvafiq şərtlərə və qaydalara uyğun Komissiyaya fərdi qaydada müraciət edə bilərlər. Adları Mətbuat Şurasının "qara siyahısı"na daxil edilən, barələrində məhkəmə qərarı olan və Baş Prokurorluq tərəfindən xəbərdarlıq alan KİV təqdimat verə bilməz.

 

Vüqar Səfərli deyib ki, mənzillərin verilməsi üçün namizədliyini irəli sürəcək əməkdaşlardan hansı sənədlərin tələb olunacağı da müəyyənləşib: "Həmin KİV namizədin şəxsiyyət vəsiqəsinin surəti, namizədin əmək kitabçasının surəti (KİV rəhbəri tərəfindən təsdiq olunmuş formada), namizədin ailə tərkibi haqqında arayış, namizədin müəyyənləşdirilməsi ilə bağlı iclasın protokolundan çıxarış (möhürlü və imzalı), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən namizədin, onun həyat yoldaşının və övladlarının adına mənzil şəraiti ilə bağlı arayışın əsli, namizədin tərcümeyi-halı (hazırda yaşadığı ünvan və əlaqə telefonu da olmalıdır) təqdim etməlidir".

 

Mənzillərin verilməsi üçün sənəd qəbulu komissiyasının 9 üzvü var. Onlardan üçü KİVDF-nin, üçü Milli Televiziya və Radio Yayımları Şurasının, digər üçü isə Mətbuat Şurasının nümayəndəsidir. Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bu günə qədər şuraya 200-dən çox müraciətin daxil olduğunu və onları yaxın günlərdə komissiyaya təqdim edəcəklərini deyib.

 

Sənədlər iş günləri saat 10.00-dan 17.00-dək Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ofisində qəbul olunacaq. Komissiya toplanan sənədləri iyunun 30-dək Prezident Administrasiyasına təqdim edəcək. İyulun 22-də yeni binanın açılışı gözlənilir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR