Səlim Müslümov: "11300 nəfərə evində sosial xidmətlər göstərilib"
"İndiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 11300 nəfərə evində, 1300 nəfərə isə aidiyyəti müəssisələrdə sosial xidmətlər göstərilib".
APA TV-nin məlumatına görə, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Azərbaycanda Sosial Xidmətin İnkişafı" tvinninq layihəsinin bağlanış mərasimində bildirib.
Nazir qeyd edib ki, layihə çərçivəsində yeni sosial iş modelinin tətbiqi üçün Xəzər, Lənkəran, Xaçmaz və Gəncə şəhərləri pilot regionlar olaraq müəyyənləşdirilib və layihənin tətbiqinə məhz bu ərazilərdən başlanıb. Pilot layihənin icrası zamanı adı çəkilən şəhərlərdə sosial işə cəlb olunacaq şəxslər treninqlərə cəlb olunaraq, müvafiq sertifikatlarla təmin edilib. Səlim Müslümov layihənin əhatə etdiyi digər istiqamətlərdən də danışıb: "Birincisi, sosial xidmətlərlə təminatın Avropanın ən yaxşı təcrübələrinə uyğun qurulması üçün strateji çərçivənin müəyyənləşdirilməsi. İkincisi, bu strateji sənədə əsasən mövcud qanunvericilikdə nəzərdə tutulan sənəd layihələrinin hazırlanması, sosial xidmətlər sisteminin Avropa İttifaqının ən mütərəqqi praktikaları əsasında modernləşdirilməsi, bu sahədə insan resurslarının inkişafı qeyd elədiyim layihənin dörd əsas komponentidir".
Avropa İttifaqının ölkəmizdəki nümayəndəsi, səfir Malena Mard isə iki il ərzində həyata keçirilən layihənin hər iki tərəf üçün zəngin təcrübə mübadiləsi olduğuna diqqət çəkib: "Biz Avropa İttifaqında da, qonşuluqda da öz mühüm tərəfdaşlarımıza sosial ekspertiza sahəsində bir dəstək mexanizmi hazırlamışıq. Hazırda Azərbaycanla birgə həyata keçirilməsində artıq ondan faydalanmaqda olan ölkələrin təcrübəsindən geniş şəkildə istifadə olunur".
Tədbirdə həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Avropa İttifaqının dəstəyi ilə daha iki layihənin - pensiya və əməkdaşlıq sistemlərinin təkmilləşdirilməsi layihələrinin həyata keçirildiyi qeyd olunub. Mərasim müzakirələrlə davam edib.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi