Ayxan Mamayev: "Qələbəmi şəhidlərə həsr edirəm"

"Qələbəmi şəhidlərə həsr edirəm". APA TV-nin məlumatına görə, bu fikirləri IV İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı, karateçi Ayxan Mamayev jurnalistlərə açıqlamasında deyib. O, Azərbaycan himnini səsləndirdiyi üçün sevincli olduğunu bildirib: "Şükürlər olsun ki, Vətəndə keçirilən heç bir yarışda məğlub olmamışam. Buna görə çox sevincliyəm. Qarşımıza məqsəd qoymuşduq, məqsədə də nail olduq. Çox arzulayırdım ki, himnimizi səsləndirim, bayrağımız ucalsın. Bu da qismət oldu, çox sevinirəm. Bütün müəllimlərimə təşəkkür edirəm. Qələbəmi də şəhidlərə həsr edirəm".

 

Qızıl mükafatçı karate üzrə dünya çempionatına daha yaxşı hazırlaşacağını deyib: "Mən və Rafael Dünya Oyunlarına lisenziya qazanmışıq. Bu da 4 ildən bir keçirilən  yarışdır. Hər çəkidə 8 idmançı dəvət olunub. O yarışlara hazırlaşacağıq. Ən böyük məqsədimiz Olimpiya Oyunlarına lisenziya qazanmaqdır".

 

Kumite yarışlarında qızıl medal qazanan İrina Zaretska isə oyunlara çox ciddi hazırlaşdığını, rəqiblərinin çox güclü olduğunu deyib: "Mən fikirləşdim ki, əgər birinci döyüşü udsam, o zaman bu çempionatda qalib olacağam. Belə də oldu. Məşqçimə təşəkkür edirəm. Hər kəs məni dəstəkləyirdi. Medalı həyat yoldaşıma həsr edirəm".

 

Kata yarışlarında hamıdan üstün olan 18 yaşlı qızıl medalçı  Roman Heydərov bu qələbəni çox böyük uğur kimi dəyərləndirib: "Çox sevinirəm. 18 yaşım var, mənim üçün çox böyük qələbədir. İlk dəfədir İslam Həmrəyliyi Oyunlarına qatılıram. Birinci yer çox sevindiricidir. 16 yaşımdan böyüklərlə yarışmışam. Təcrübə yığdım özümə. Bu da mənim üçün çox böyük kömək oldu".  

 

Bürünc medalçımız  Asiman Qurbanlı isə yarışın çox gərgin keçdiyini qeyd edib: "İki ayağımın ikisi də zədəlidir. Birindən əməliyyat olmuşam. Biri də hazırda əməliyyat olunmalıdır. Əlim əzilmişdi. Psixoloji baxımdan pis vəsiyyətdə idim. Amma özümü toplaya bildim. Çox çətinliklərdən keçmişəm. Buna görə də bu qələbəni qazananda özümü saxlaya bilmədim. Gözlərindən axan sevinc göz yaşları idi".

 

Asiman medalı anasına həsr etdiyini deyib.

 

Qeyd edək ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən karate yarışlarına bu gün yekun vurulub. 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR