Medalçı cüdoçular: "Üzərimizdə böyük məsuliyyət var idi"

“Finalda məğlub olsam da, çalışacağam ki, gələcək yarışlarda qızıl medal qazanım”. APA TV-nin məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında cüdoçu Aişə Qurbanlı deyib.

 

IV İslam Həmrəyliyi Oyunlarında 48 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarışın gümüş medalına layiq görülüb. O, Azərbaycanın digər təmsilçisi, monqol əsilli Erdenebat Bazarraqça ilə həlledici görüşdə məğlubiyyətlə üzləşib.

 

Qurbanlı əvvəlcə finaldakı məğlubiyyətini şərh edib: “Həlledici görüşdə yorğun deyildim. Yəqin ki, kim güclü idisə, o da qalib gəldi. Məncə, kiçik bir səhv oldu. Erdenebat Bazarraqça bizim yığmaya təzə gəlib. Onu o qədər yaxşı tanımırdım”.

 

Qızıl medal sahibi Orxan Səfərov isə jurnalistlərə açıqlamasında çox sevincli olduğunu dilə gətirib: “Sevincliyəm ki, IV İslam Həmrəyliyi Oyunlarında qalib gəldim. Hər dəfə ölkəmizdə keçirilən belə mötəbər yarışlarda bir azərbaycanlı kimi qalib gəlib, öz himnimizi doğma divarlar arasında səsləndirməyi istəyirəm. 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında 2-ci yeri tutmuşdum. Bu səfər isə qızıl medal qazandım. Çox sevinirəm. Rəqiblərimin hamısı güclü idi. Bundan da əvvəl rəqiblərimlə qarşılaşmışdım. Finalda qarşılaşdığım türkiyəli cüdoçu ilə indiyə kimi üç dəfə qarşı-qarşıya gəlmişik. Bu görüşlərin birində o, ikisində isə mən qalib olmuşdum. İki həftə öncə onu Avropa çempionatına çətinlik çəkmədən məğlub etmişdim. Bu dəfə o, mənimlə görüşə tam başqa cür çıxmışdı. Ona görə finalda bir az mənə çətin oldu".

 

66 kq çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb: “Üzərimizdə böyük məsuliyyət var idi. Mükafat təyin edilməmişdən öncə də bizim əsas məqsədimiz qızıl medal uğrunda mübarizə aparmaqdan ibarət idi”.

 

N.Şıxəlizadə qızıl medalı ona Azərbaycan prezidenti İlham Əliyevin təqdim etməsinə görə çox sevindiyini ifadə edib: “Bu mənə qismət oldu, ölkə başçısı məni təbrik etdi. Çox sevincliyəm ki, doğma divarlar arasında qalib oldum”.

 

73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov finalda digər həmyerlimiz Rüstəm Orucovu üstələyərək qızıl medala yiyələnib. 20 yaşlı idmançı növbəti hədəfi barədə də danışıb: “Bundan sonra məqsədim dünya çempionu titulunu qazanmaqdır”.

 

"Dizimdən zədə aldığım üçüm çox yaxşı hazırlaşmamışdım" - deyən cüdoçu Kifayət Qasımova yarışı gümüş medalla başa vurub. O bildirib ki, yarışdan öncə qarşısına qızıl medala yiyələnərək, karyerasını bitirmək məqsədi qoyubmuş: “Əslində qızıl medalı qazanıb karyeramı bitirmək istəyirdim. Hələlik dəqiq bir şey yoxdur. Mən o idmançını əvvəl məğlub etmişdim”.

 

52 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu Nəzakət Əzizova isə həlledici görüşdə türkiyəli İrəm Qorxmazla bacarmayıb. O, İslamiadada gümüş medala sahib olmağı uğursuzluq kimi qiymətləndirib və görüş zamanı çiynindən yüngül zədə aldığını bildirib: “Əvvəldə axırdakı kimi işləmədim. Gərək lap başdan o cür döyüşəydim. Sonda gec oldu. Zədəm çempion olmağıma mane oldu. Qızıl medalı qazanmağıma daha çox səhvlərim imkan vermədi”.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR