O qızı tapdıq... - İSLAMİADANIN TALİSMANI APA TV-YƏ DANIŞDI
Dünən onu təkcə Azərbaycan deyil, bütün dünya tanıdı. Dünyanın 4 qitəsində 55 milyon tamaşaçı canlı yayımda izlədi. Söhbət Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarının rəsmi açılış mərasiminin siması olan "Mina"dan gedir.
Qəhrəmanımızın əsl adı Eleonora Yusifovadır. 13 yaşı var, 6 yaşından bədii gimnastika ilə məşğul olur. Enerji dolu və elastik olduğu üçün valideynləri onun idman gimnastikası ilə məşğul olmasını istəyiblər. Bədii gimnastika üzrə Azərbaycanın milli komandasında məşq edir.
Sülh səhnəsində bütün dünyanı sülhə və harmoniyaya səsləyən Eleonora APA TV-yə müsahibəsində ifa etdiyi rolun əhəmiyyətinin böyük olduğunu vurğulayıb. Deyir ki, üzərinə düşən işi məsuliyyətlə yerinə yetirməyə çalışıb: "Mən açılışda Mina idim. Bir dənə baba var idi, o babanın adı Nurəddin müəllim idi, xalq artisti. Onunla məşq etmək də çox maraqlı idi, çox gözəl idi. Baba ilə gedirdik parka, baba göstərirdi ki, mən də bu parkda olmuşam və istəyir ki, Mina da o şeyləri yaşasın".
İslamiadanın açılış mərasiminin qəhrəmanı deyir ki, səhnəyə çıxdığı üçün həm sevincli, həm də həyəcanlı olub. Amma həyəcanını hiss etdirməməyə çalışıb: "Məşqlər çox yaxşı keçirdi, maraqlı idi hər şey, gözəl idi. İslam Oyunlarında iştirak etmək çox yaxşı idi, hamı baxırdı, bəzi insanlar həyəcanla baxırdı. Videokameralar səni çəkəndə baxmalı deyilsən deyə, kameraya baxmaq olmazdı. Həyəcan var idi, çox yaxşı hiss edirdim özümü".
Qeyd edək ki, Azərbaycanın və bütün dünyanın dünən tanıdığı Eleonoranı biz çoxdan tanıyırıq. Çünki o, “APA Holding”in əməkdaşı Heyran Əmiraslanovanın qızıdır. Heyran xanım deyir ki, qızının ifa etdiyi obraz onun üçün də sürpriz olub. Açılış mərasimi zamanı qızını səhnədə görmək isə bir valideyn kimi qürurverici anlar yaşadıb ona: "Məşq prosesini sürpriz kimi saxlayırdılar, sona qədər heç bir valideynin o prosesdən xəbəri, məlumatı yox idi. Bir valideyn kimi qürur hissi duydum, kövrəldim, həyəcanlandım".
"Mina" obrazını Eleonora ilə bərabər 5 dublyor canlandırıb. Nəzrin Cəfərzadə, Nərminə Səmədova və Məryəm Səfərova ilə görüşə bilmədik. Fəridə Səfiyarzadənin mərasim təəssüratları isə belədir: "Çox həyəcanlı idi, ən birinci məşqlərdə göydə uçanda çox qorxulu idi, amma sonradan buna öyrəşdik və bizdə qorxu yaranmadı".
Selcan Hacızadə də çıxış zamanı həyəcanlı olduğunu gizlətmir: "Həyəcan var idi, amma çıxış etmək çox xoşuma gəldi. Çox sağ olsunlar ki, məni ora seçdilər. Həmişə mənə maraqlı gəlirdi, heç vaxt yorulmurdum. Yorulsam da, maraqlı idi mənim üçün".
Eleonora Yusifova həm öz adından, həm də dostlarının adından hamıya təşəkkür edir: "Hamıya təşəkkür edirəm bizimlə getdilər, məşqçimiz Lalə Məhərrəmova, baş məşqçimiz Marianna xanım bizimlə gedirdilər, bizə kömək edirdilər. Stadiondakı adamlara təşəkkür edirəm ki, bizimlə məşq edirdilər, yorulmurdular".
Eleonoranın arzusu peşəkar gimnast olmaq, doğma Azərbaycanı dünya arenasında layiqincə təmsil edib, üçrəngli bayrağımızı daim yüksəltməkdir. Ona bu yolda böyük uğurlar arzulayırıq.
OXŞAR XƏBƏRLƏR
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA