Bakıda sahibkarla İcra Hakimiyyətinin kompensasiya davası: KİMDİR HAQLI?

Bakının Babək prospektində bir neçə iaşə obyekti olan sahibkar Firdovsi Abdulla oğlu Abdullayev Xətai Rayon İcra Hakimiyyətindən və Mənzil Kommunal Təsərrüfatı Birliyindən narazıdır.

 

Sahibkar APA TV-yə açıqlamasında deyib ki, birliyin məsul şəxsləri bir neçə gün əvvəl onun obyektinə gələrək buranı təcili boşaltmalı olduğunu, ərazinin "Ağ Şəhər" layihəsinə düşdüyünü bildiriblər. Sahibkar isə öz növbəsində onların bu tələbinin qanunsuz olduğunu bildirərək, obyektinin rəsmi sənədlər əsasında fəaliyyət göstərdiyini, vergi ödənişlərinin və kommunal xərclərin vaxtında ödənildiyini, çıxarış sənədini isə ötən ilin may ayında aldığını söyləyib: "Gördüyünüz bu yer Suriya və ya hər hansı bir müharibə ərazisi deyil. Mənim obyektim olub. Bir neçə gün qabaq Xətai Rayon İcra Hakimiyyəti heç bir xəbərdarlıq etmədən buranı Suriyaya oxşadıb".

 

Bütün sənədlərlə tanış olan Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin və Rayon İcra Hakimiyyətinin nümayəndələri sahibkara bir neçə iaşə obyekti üçün kompensasiya ödəniləcəyinə vəd verib söküntüyə start veriblər: "Böyük bir mağaza idi 2 mərtəbəli, altında zirzəmisi, yanında isə anbarı vardı. Qabağında 5 avtomobil boksu vardı ki, onun 3-ü işləyirdi. Hər boksda 2-3 nəfər, dükanda isə 7 nəfər çalışırdı. Arxada üçmərtəbəli bina vardı, onun ikinci mərtəbəsi çayxana idi, lakin işləmirdi, toza görə getmişdilər. Üçüncü mərtəbəsində isə ofis idi".    

 

Sahibkarın sözlərinə görə, iaşə obyektləri may ayının 1-də sökülsə də, hələ də hesabına pul köçürülməyib.

 

Xətai Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, kompensasiya müqaviləsi artıq hazırdır və vətəndaşın sənədlərə imza atması qalıb. Məlumatı Firdovsi Abdullayev də  təsdiqləyərək, 500 min manatlıq kompensasiya müqaviləsinin ona təqdim olunduğunu təsdiqləyib. Amma sahibkar hesab edir ki, bu məbləğ nəzərdə tutulandan iki dəfə azdır. Onun sözlərinə görə, obyektinin 1 milyondan artıq qiyməti olduğu üçün təklif olunan məbləğlə razılaşmaq mümkün deyil. Abdullayev 800 kv. metr sahəsi olan sökülən obyektin müqabilində təklif olunan məbləğin çox az olduğunu söyləyib. Sahibkar obyektinin bazar qiymətlərinə uyğun məbləği almasa və ya əvəzində "Ağ Şəhər" layihəsində sökülən obyektinin sahəsinə uyğun obyektlə təmin olunmasa, daha yuxarı instansiyalara müraciət edəcəyini bildirib.     

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR