IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçirildi

Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçirilib. APA TV-nin məlumatına görə, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident və “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əhməd Əl-Osaymin iştirak ediblər.

 

Stadionda bəstəkar Eldar Mansurovun “Yallı”sı səslənib. Musiqi sədaları altında səhnəyə 700 könüllü çıxıb. Onlar əllərində parıldayan altıbucaqlı tutublar. Azərbaycan Dövlət Rəqs Ansamblının 7 metrlik ipək zolaqları yellədən 10 rəqqası da onlara qoşulub. Səhnədə aypara və ulduzlar formalaşdırılıb, “Bakı-2017”nin loqosu nümayiş etdirilib. Altıbucaqlar Azərbaycan bayrağına çevrilib.

 

Stadionda Azərbaycanın Dövlət himni səslənib. Himnin sədaları altında Azərbaycan bayrağı stadiona gətirilib və Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyasının hərbçiləri tərəfindən dirəyə qaldırılıb.

 

Sonra atletlərin paradı başlayıb. Hər bir komanda stadiona öz ölkəsinin bayrağı altında əlifba sırası ilə daxil olub. Ən sonda stadiona Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısının sədaları altında ev sahibi - Azərbaycan komandası daxil olub. Ölkəmizi Oyunlarda 425 idmançı təmsil edir. Azərbaycan bayrağını beşqat dünya çempionu Rəfael Ağayev aparıb. İdmançılarımızın tribunaların önündən keçidi Natiq Şirinov və digər 19 nağaraçının ifası ilə müşayiət olunub.

 

Paraddan sonra stadiona İslam Həmrəyliyi İdman Federasiyasının bayrağının gətirilməsi mərasimi başlayıb. Bayrağı stadiona Azərbaycanın Olimpiya, dünya çempionları və mükafatçıları gətiriblər.

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin çıxış ediblər.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oyunları açıq elan edib.

 

Əfsanəvi muğam ustası Alim Qasımov açılış mərasimində minarənin zirvəsindən azan verib.

 

Mərasim Bakı Olimpiya Stadionu və Dənizkənarı Bulvar üzərində möhtəşəm atəşfəşanlıqla bitib.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR