Prezident Pirallahıda yeni körpünün açılışında iştirak edib

Mayın 11-də Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Pirallahı rayonunda yeni körpünün açılışında iştirak ediblər.

 

APA TV xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı körpüsü və yanaşma yollarında görülən işləri əks etdirən stendə baxıblar.

 

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 422, eni 14, hərəkət zolağının eni isə 12 metrdir.

 

Pirallahı körpüsünə girişdə yanaşma yolunun uzunluğu 1,1 kilometrdir. Yolun köhnə eni 7 metr olub, yenidənqurmadan sonra 25 metrə çatdırılıb. Dördzolaqlı yolun hərəkət hissəsinin eni 16 metrdir. Pirallahı körpüsündən çıxışda yanaşma yolunun uzunluğu isə 850 metrdir. Bu yolun eni 15, hərəkət hissəsinin eni isə 12 metrdir.

 

Dövlət başçısı yeni körpünün rəmzi açılışını bildirən lenti kəsib.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı qəsəbəsindəki Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışında da iştirak ediblər. Məlumat verilib ki, uzunluğu 8 kilometr olan 4 zolaqlı yolun yenidənqurmadan əvvəlki eni 6-7 metr olub. Yenidənqurmadan sonra isə yolun eni 18 metrə çatdırılıb.

 

Yenidən qurulan avtomobil yolu Pirallahı körpüsü və Pirallahı-Qala avtomobil yolundan istifadə etməklə, qəsəbə sakinlərinin Heydər Əliyev prospekti vasitəsilə Bakı şəhərinin mərkəzinə, eləcə də Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şüvəlan, Mərdəkan, Buzovna, Bilgəh və digər qəsəbələrə rahat çıxışına imkan verir.

 

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

 

Sonda xatirə şəkli çəkdirilib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR