Azad Rəhimov: "İslamiada 4 qitədə yayımlanacaq"

"Azərbaycan mayın 12-22-də Bakıda baş tutacaq IV İslam Həmrəyliyi Oyunlarına tam hazırdır. Növbəti 11 gün ərzində 54 ölkənin nümayəndəsi müxtəlif idman növlər üzrə yarışacaqlar". APA TV-nin xəbərinə görə, bunu gənclər və idman naziri, yarışın baş icraçı direktoru Azad Rəhimov deyib.

 

O, bəzi ölkələrin yarışmaya qatıla bilməməsindən təəssüf hissi keçirdiyini bildirib: "Əfsuslar olsun ki, bəzi ölkələr İslamiadadan son anda imtina etdilər. Liviya, Sudan və İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı altında çıxış etməli olan Küveyt yarışa qatılmayacaqlar. Hər bir ölkənin qərarına hörmətlə yanaşırıq. Gəlmirlərsə, düşünürəm ki, hansısa ciddi səbəb var. Buna məyus olsaq da, yarışda iştirak edəcək 54 ölkə bizi sevindirməyə bilməz".

 

Nazir bildirib ki, İslamiada 4 qitədə yayımlanacaq və təxminən 1,3 milyarddan artıq insan yarışları izləyəcək. Yarış zamanı 30-a yaxın beynəlxalq federasiyanın rəhbəri və rəsmiləri Bakıya gələcək.

 

Təhlükəsizliyin yüksək səviyyədə təmin olunacağını deyən Azad Rəhimov mayın 8-də açılış mərasiminin məşqinin də yüksək səviyyədə baş tutuduğunu vurğulayıb. O qeyd edib ki, bu mərasim gözəl ideyalarla dolu olacaq və İslamın dəyərlərini nümayiş etdirəcək.

 

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Abdul Aziz əl-Nassar isə təşkilati işlərin yüksək səviyyədə olduğunu deyib. O qeyd edib ki, Odlar Yurdunda 3000-dən çox idmançı yarışacaq: "Azərbaycan tərəfindən tükənməz dəstək Oyunlara əlavə rəngarənglik qatacaq. Yarışın Təşkilat Komitəsinin rəhbəri olan Azərbaycanın I xanımı Mehriban Əliyevaya xüsusi minnətdarlığımı bildirirəm. İnanıram ki, bu yarış İslam Həmrəyliyi Oyunları arasında ən yaxşılardan olacaq. Yekunda Azərbaycan prezidenti İlham Əliyevə qətiyyəti və dəstəyi ilə Oyunların Bakıda keçirilməsinə şərait yaratdığı üçün təşəkkür edirəm".

 

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə Azərbaycan millisi barədə danışıb. O bildirib ki, ölkəmiz ilk dəfədir belə böyük heyətlə yarışa qatılır: "Ümumi heyət 500 nəfərdən artıqdır. Hər şey yüksək səviyyədə həll olunub. Avropa Oyunlarında ilk “3-lüyə” düşməyi planlaşdırırdıqsa, bu dəfə ilk sırada qərarlaşmaq istəyirik. Hər halda, "Bakı-2015"-dən çox medal qazanacağıq".

 

Oyunların Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva isə artıq 46 ölkənin idmançılarının "Atletlər Kəndi"nə yerləşdirildiyini və 8 ölkənin idmançılarının gəlişini gözlədiklərini qeyd edib.

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR