200 hektarlıq ərazidə cəmi 2 ayaqyolu var - SUMQAYITDAN REPORTAJ

İctimai ayaqyolu XXI əsrdə mədəniyyət göstəricisi sayılır. Tualet mövzusu kimlərəsə vacib gəlməyə bilər, amma ictimai yerlərdə, park və bulvarlarda təsadüfən təbii ehtiyacınızı ödəməyə ehtiyac yaranarsa və bunun üçün münasib yer tapmasanız, o zaman məsələ sizə heç də əhəmiyyətsiz gəlməz.

 

Bu gün Sumqayıt şəhərində nəzərəçarpacaq abadlıq işləri görülsə də, ictimai ayaqyolu problemi qabarıq şəkildə qalmaqdadır. Sumqayıtda ictimai tualetlər pullu olmasına rəğmən, əhalinin sayına tərs mütənasibdir.

 

Qeyd edək ki, Sumqayıt bulvarının ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr, Nəsimi adına Mədəniyyət və İstirahət Parkının isə sahəsi 80 hektardır və 200 hektara qədər böyük ərazidə cəmi 2 ayaqyolu var. Yeni inşa olunan Sumqayıt bulvarında isə istirahət obyektləri, atraksionlar, ticarət obyektləri, uşaqlar üçün əyləncə mərkəzləri, idman infrastrukturu, kafelər, çayxanalar, restoranların inşa olunmasına baxmayaraq, ayaqyolunun sayı demək olar ki, məhduddur.

 

Məsələyə aydınlıq gətirmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyətində olduq. Suallarımızı Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstismarı Birliyinin rəis müavini 

Rzaqulu Cəfərquliyev cavablandırdı. Onun sözlərinə görə, əvvəlki illərdə şəhərdə ictimai yerlərdə ayaqyolunun sayında azlıq hiss olunurdu. Son iki il ərzində isə sanitar qovşaqlarının yenilənməsi, təmir olunması və müasir tipli tualetlərin tikilib istifadəyə verilməsi üçün çoxsaylı tədbirlər görülüb: "Əlbəttə ki, Sumqayıt şəhər əhalisinin sayına görə bəlkə də bu azlıq təşkil edir, amma bu istiqamətdə görülən işlər ardıcıllıqla həyata keçirilir. Nəsimi parkının özündə müasir standartlara uyğun sanitar qovşağı var. Bələdiyyə parkında həmçinin. Şəhər bulvarında ayaqyolunun sayı 3-4 ədəd təşkil edir. Nizami adına parkda da sanitar qovşaqları var və istifadə olunur".

 

Müsahibimiz qeyd edib ki, gələcəkdə sanitar qovşaqlarının sayının artırılması istiqamətində işlər planlı şəkildə davam etdiriləcək. O, 425 minə yaxın əhalisi olan Sumqayıtda bu problemin zamanla həll olunacağını deyib.  

 

Bir qədər də statistikaya varaq. Tualetsiz qalan insanların problemini qabartmaq məqsədilə 2001-ci ildən dünyanın 19 ölkəsində hər il noyabrın 19-da Ümumdünya Tualet Günü qeyd edilir.

 

BMT-nin araşdırmalarına görə, dünyada 2,5 milyard insan ayaqyolu problemindən əziyyət çəkir, hər gün 5000 uşaq tualetin səbəb olduğu infeksion xəstəliklərə və gigiyenik şəraitin məhdudluğuna görə vəfat edir. Təxminən 1 milyard insan hələ də ayaqyolu olmadığından təbii ehtiyaclarını küçələrdə ödəyir.

 

Birləşmiş Millətlər Təşkilatı 2008-ci ili “ayaqyolu ili” elan edib. Bu qərar dünya əhalisinin 40 faizinin sağlam ayaqyolu imkanlarından məhrum olması ilə əsaslandırılıb. BMT-dən bildirilib ki, hər il dünyada milyonlarla adam antisanitar ayaqyolularda müxtəlif xəstəliklərə düçar olur. Çinin paytaxtı olan 20 milyonluq Pekində 7000 ayaqyolu var.

 

Barselonada 2015-ci ilin 2 fevralından «Décret d’allarde» adlı qanun qüvvəyə minib. Qanuna görə, terrası olan hər bir kafe və ya bar ayaqyoluna getmək istəyən hər bir insanı ora buraxmalıdır.

 

Yeri gəlmişkən, dünyanın ən yaxşı ictimai tualetləri Yaponiyadadır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR