700 bal toplayanlar: "İnsanı evə kilidləməklə nəticə əldə etmək olmaz" - REPORTAJ

Sumqayıt şəhərindəki Təbiət elmləri təmayüllü gimnaziya ali məktəblərə ötən ilki qəbul imtahanları zamanı rekorda imza atmışdı.

 

Əgər xatırlayırsınızsa, keçən tədris ilində gimnaziyanın 42 məzunundan 27-si 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanmışdı. Bu yüksək nəticələrə görə həmin gimnaziya ötən il respublika birincisi olmuşdu. Bu il isə 59 abituriyentdən 37-si 600-dən yuxarı, bir nəfər məzunu isə IV ixtisas qrupu üzrə 700 bal toplayıb.

 

İlqar Əfəndiyev 700 ballıq yüksək nəticəni qarşına məqsəd qoyaraq əldə etdiyini deyir: "Haradasa ibtidai sinifdən artıq həkim olmaq istəyirdim. İlk dövrlərdən əlaçı olmuşam. Məktəb dərslərinin hamısını ayırmadan eyni keyfiyyətlə öyrənməyə səy göstərmişəm. 10-11-ci siniflərdə hazırlıqlara gedirdim. Köhnə bilikləri təkrarlamaq və möhkəmləndirmək, həmçinin yenilərini öyrənmək mənim üçün rahat başa gəlirdi. Burada mənim müəllimlərimin, ailəmin, sinif yoldaşlarımın rolu böyükdür". 

 

İlqar deyib ki, 700 bal topladığını eşitdikdə çox sevinib, illərdir çəkdiyi əziyyətin hədər getmədiyini anlayıb: "Sınaq imtahanlarında da yüksək nəticələr əldə etdiyim üçün məndən gözlənilirdi. Həyəcan suallar yoxlananda oldu. İmtahandan çıxanda bir neçə sual var idi ki, onlar mənim üçün qorxulu idi. Ancaq evdə artıq yoxlayanda sual kitabçasında gördüm ki, yox, hamısını düz yazmışam".

 

Anasının həkim olması və təbiət elmlərinə göstərdiyi maraq İlqarın da bu peşəni seçməsinə  səbəb olub. O, həm də respublika fənn olimpiadalarında biologiya üzrə qızıl və gümüş medalçı olub. İndi isə kardiocərrah olmağı qarşısına məqsəd qoyub və təhsilini xaricdə almağı düşünür.

 

İlqar Əfəndiyev qəbul imtahanlarına hazırlaşdığı müddətdə özünə qadağalar qoymayıb. Təhsillə yanaşı, əlavə məşğuliyyətləri də olub: "Ailəmiz yetərincə müasir ailədir. Onlar anlayırdılar ki, insanı məcbur etməklə, onu tamamilə evə kilidləməklə heç bir nəticə əldə etmək olmaz. Ona görə də bu hazırlıq prosesində mənə müəyyən bir sərbəstlik verildi. Nəticə də mənə lazım idi, mənim həyatımı həll edəcəkdi. Buna görə mən özüm də bundan süni istifadə etmədim. Bütün hər şeyə məsuliyyətlə yanaşdım".

 

Eyni ixtisas qrupu üzrə 700 bal toplayanlardan biri də Bakı şəhəri 287 saylı "Zəkalar" liseyinin məzunu Nemət Yusifovdur. O, həmin liseydən 4-cü yüksək nəticə toplayan abituriyentdir. Nemət deyir ki, həyəcanına qalib gəlmək üçün imtahana dostları ilə getməyi qərara alıb: "Dostlarım mənim həyəcanımı azaltdılar. Yol boyu ancaq zarafat elədik, dostum dedi ki, heç 700 bal haqqında fikirləşmə, o elə özü olacaq. Adi sınaq kimi yazdım. İmtahan boyu həyəcan olmadı, çıxandan sonra həyəcan var idi.  Cavabların necə olması düşündürürdü. Hamıya dedim tam cavablar çıxsın, sonra sevinərik. Tam cavablar çıxandan sonra çox sevindik".

 

Nemət imtahana əsas hazırlıqlara 11-ci sinifdə gedib. O, 700 bal toplayacağına da əmin olmayıb: "İlk olaraq müəllimlərimə təşəkkür etmək istəyirəm, sonra ailəmə, şansım  üçün dostlarıma. Bir müəllim adı çəkiləcəksə, o da Rafiq müəllim olmalıdır. Mənim üzərimdə əməyi çox olub". 

 

Nemət stomatoloq, ya da müalicə işi ixtisası üzrə təhsilini xaricdə almağı düşünür.

 

Qeyd edək ki, mayın 7-də ali təhsil müəssisələrinə I və IV ixtisas qruplar üzrə keçirilən qəbul imtahanında 7 nəfər maksimum - 700 bal toplayıb.  

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR