Prezident: “Antimilli ünsürlər Ordumuzu ləkələməyə çalışırlar”

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda  biz Heydər Əliyev kimi prinsipial mövqeyimizi müdafiə edirik və bu mövqe gündən-günə güclənir. 2003-cü ildən bu günə qədər aparıcı beynəlxalq təşkilatların qərarları, qətnamələri də bunu təsdiqləyir”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Ümummilli Liderin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdə söyləyib.

 

Dövlət başçısı qeyd edib ki, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı münaqişə ilə bağlı Azərbaycanın mövqeyini əks etdirən ədalətli qərarlar, qətnamələr qəbul edib və Ermənistanın işğalçı siyasətini pisləyiblər.

 

Dövlət başçısı bəyan edib ki, ölkəmizdə fəaliyyət göstərən beşinci kolon və xüsusilə bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə də zərbə vurmağa çalışırlar.

 

“Azərbaycan xalqı o antimilli ünsürləri 1993-cü ildə hakimiyyətdən qovub və bu günə qədər onların əlindən bir şey gəlmir. Xaricdən təlimat alanda fəallaşırlar, təlimat almayanda oturub o təlimatı gözləyirlər. Onların mitinqlərinə, əgər belə demək mümkündürsə, öz qohumlarından başqa heç kim gəlmir. Heç qohumları da gəlmir. Yəni, tamamilə marginallaşıb və bir dəstə zəhər buraxan, özünü müxalifət adlandıran ünsür əlbəttə ki, bizim işimizə təsir göstərə bilməz. Ancaq çalışırlar ki, bizim inkişafımızı, dövlətimizin uğurlarını, Ordumuzu ləkələsinlər”.

 

Prezident deyib ki, Ordumuz nəyə qadir olduğunu ötən il göstərib və Azərbaycan Ordusu işğal edilmiş torpaqları hər an azad etməyə qadirdir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR