Prezident İlham Əliyev ağacəkmə aksiyasında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər.

 

APA TV-nin məlumatına görə, dövlət başçısı və birinci xanım əvvəlcə Azərbaycanda ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı məlumatları əks etdirən stendlərlə tanış olub.

 

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Prezident İlham Əliyevə 2008-2017-ci illərdə salınan yaşıllıqlar barədə məlumat verib. Bildirib ki, dövlət başçısının tapşırıqlarına və tövsiyələrinə uyğun olaraq bu illərdə ölkədə ümumilikdə 5 milyon 200 minə yaxın ağac əkilib. Həmin ağacların əkildiyi sahələr damcılı suvarma sistemi ilə təchiz edilib. Əsasən zeytun, badam, nar, innab, püstə, qoz və fındıq ağaclarının əkilməsinə daha çox üstünlük verilib. Təkcə bu ilin ötən dövründə ölkədə aqrobağların yaradılması məqsədilə 1 milyondan çox aqrar əhəmiyyətli ağaclar əkilib.

 

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ərazidə ağac əkiblər.

 

Dövlət başçısı və birinci xanım ağacəkmə kampaniyasının iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR