700 bal toplayan lahıclı məzun: “İki il tək hazırlaşdım”
İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbin məzunu Vahab Fuad oğlu Cəbrayılov I ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında 700 bal toplayıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Vahab Cəbrayılov əvvəllər sınaq imtahanlarında da yüksək bal toplayıb. O, 2015-ci ildə riyaziyyat fənni üzrə respublika fənn olimpiadasında bürünc medal qazanıb: “Orta məktəbdə nəticələrim yüksək olub. Bütün qiymətlərim “5” olub. Uşaqlıqdan neft sahəsi üzrə təhsil olmağı arzulayırdım. Buna görə də Bakı Ali Neft Məktəbində mühəndislik ixtisası üzrə oxumaq üçün sənədlərimi verəcəyəm. Ailə üzvlərim, yaxınlarım 700 bal topladığıma görə çox sevinir. Sözün açığı, imtahanda yüksək bal toplayacağımı gözləyirdim. İmtahanda mənə verilən 3 saatın 2 saatı ərzində bütün suallara cavab yazdım. Qalan bir saat ərzində isə cavabların düz, ya da səhv olmasını yoxladım”.
O, ali məktəbə keçirilən qəbul imtahanlarına 2 il ərzində evdə tək hazırlaşdığını və 700 bal toplamağı qarşısına məqsəd qoyduğunu bildirib: “Yüksək nəticə göstərmək üçün yaxşı oxumaq lazımdır. Vaxtımı ancaq oxumaqla keçirirdim. Ən yaxın dostum kitab idi. Bilirdim ki, yaxşı oxumaqla yüksək nəticə əldə etmək mümkündür. Sosial şəbəkələrə həftədə bir dəfə daxil olaraq məlumatlar əldə edirdim".
Qeyd edək ki, Vahab Cəbrayılov İsmayıllı rayonunda ali məktəblərə keçirilən qəbul imtahanlarında 700 bal toplayan ikinci abituriyentdir. Ötən il İsmayıllı şəhər 5 saylı orta məktəbin məzunu Ağalətif İsaq oğlu Lətifov da IV ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında 700 bal toplamışdı.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır