Azərbaycan təmsilçisi "Eurovision"un finalında!

Ukraynanın paytaxtı Kiyevdə, Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

 

APA TV-nin məlumatına görə, “APA Holding”in Kiyevə ezam olunmuş əməkdaşı Yeganə Rzaxanova xəbər verir ki, birinci yarımfinalda 18 ölkə finala keçmək uğrunda yarışıb. Azərbaycanla yanaşı, İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Yunanıstan, Polşa və başqa ölkələri təmsil edən iştirakçılar çıxış ediblər.

 

Azərbaycanı təmsil edən Diana Hacıyeva səhnəyə səkkizinci çıxaraq “Skeletons" mahnısını ifa edib. “Dihaj” təxəllüsü ilə çıxış edən D.Hacıyevanın mahnısının müəllifləri bəstəkar-prodüser İsa Məlikov və Sandra Byormandır.

 

Şounun xoreoqrafı əməkdar artist Nailə Məmmədzadədir. Ümumilikdə 6 nəfərin yer aldığı səhnədə sinif otağı qurulub və yazı taxtasında şüarlar qeyd edilib. Dihajın sağında pilləkənin üzərində başında at təsviri olan rəqqas yer alıb. Belə təsəvvür olunub ki, oğlan özünü yüksəkdən aparır və Diananın fikirlərinə önəm vermir.

 

Rəqs zamanı Diana “oğlan”a etirazını bildirir. Nəticədə o, aşağı düşməyə məcbur olur. Sonda sinif otağı dağılır. Dihaj etiraz edir. O, istəyinə nail olur, amma artıq gec olduğunu anladır. Səhnəciyin sonunda üst geyimini yerə atır və şou başa çatır.

 

Çıxışlardan sonra 15 dəqiqə ərzində səsvermə keçirilib. Azərbaycanı "Skeletons" mahnısı  ilə təmsil edən Diana Hacıyeva mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb.

 

Diana Hacıyevadan başqa, Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Avstraliya, Kipr, Belçika və Ermənistan da finala çıxıb.

 

Qeyd edək ki, ikinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək. 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR