Kəmaləddin Heydərov: "Azərbaycanı sevənlər Heydər Əliyev ideyalarını yaşatmalıdır"
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.
APA TV-nın məlumatına görə, tədbirdən öncə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov nazirliyin əməkdaşları və tədbir iştirakçıları Heydər Əliyevin Akademiyanın həyətindəki abidəsi önünə gül dəstələri qoyublar.
Tədbir Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş sənədli filmin nümayişi ilə başlayıb.
Sonra çıxış edən nazir Kəmaləddin Heydərov bildirib ki, Heydər Əliyevlə eyni dövrdə yaşamaq xoşbəxtlikdir: "Keçmiş 15 sovet respublikası müstəqillik əldə etsə də, Azərbaycan tam müstəqil deyildi. Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi, səriştəsiz şəxslərin hakimiyyətdə vəzifə bölgüsü uğrunda mübarizəsi, məhv olan iqtisadiyyat müstəqil dövlət parametrlərinə uyğun gəlmir. Ümummilli lider hakimiyyətə gələndən sonra müstəqil dövlət parametrlərini bərpa etdi. Konstitusiyaya Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi Heydər Əliyevin xalqımız qarşısında böyük xidmətlərindən biridir".
K. Heydərov deyib ki, Heydər Əliyevin qəlbində Azərbaycan alovu, sevgisi vardı: "Azərbaycanı sevən insanlar Heydər Əliyevin ideyalarını yaşatmalı, hər kəs bu ideyaları özü üçün istinad nöqtəsi, dayaq bilməlidir. Bu halda Azərbaycanın inkişafı daha da sürətli olacaq".
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, zaman keçdikcə Heydər Əliyevin böyüklüyü daha çox dərk edilir: "Hər bir sahədə Heydər Əliyevin atdığı addımlar Azərbaycanı dünyaya bir xalq, dövlət kimi tanıdıb".
S. Novruzov qeyd edib ki, Heydər Əliyev hakimiyyətə gələn dövrdə Azərbaycanın əksər qonşularla, Rusiya və İranla, hətta Orta Asiya ölkələri ilə münasibətləri çox pis olub: "Heydər Əliyev bu münasibətləri normallaşdırdı. Ulu öndər onu da bildirirdi ki, Azərbaycan üçün neft məqsəd deyil, inkişafa nail olmaq üçün vasitədir. Bu gün Azərbaycan regionun ən inkişaf etmiş ölkəsidir".
Daha sonra regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrdən danışan K. Heydərov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir: "Bizim Dağlıq Qarabağ problemimiz var. Bu problem Azərbaycana qarşı yaradılıb. Biz Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı azad edəcəyik. Biz dövlət başçımıza daim dəstək verməyə hazırıq".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır