Qürbətdən Vətənə dönən Qarabağ xalçası - REPORTAJ

Zaman-zaman tarixi ərazilərimizə təcavüz, xüsusən də Qarabağın ermənilər tərəfindən işğalı ən gözəl xalı nümunələrimizin məhvinə və ya vəhşicəsinə mənimsənilməsinə, "erməni xalçaları" adı ilə dünyaya yayılmasına səbəb olub. Sonradan aparılan araşdırmalar nəticəsində bu məktəbə aid dəyərli incilərin dünyanın bir sıra muzeylərində "İran xalçası", "Qafqaz xalçası" adı altında sərgiləndiyi aşkarlanıb. Bu faktlar həm aparılan araşdırmalar, həm də ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızın şəxsi təşəbbüsləri nəticəsində ortaya çıxıb.

 

Elşad Tahirov ABŞ-da yaşayan həmyerlilərimizdəndir. İxtisasca həkim-anestezioloq olan soydaşımız Qarabağ müharibəsinin qızğın dövründə, 1992-ci ildə digər həkim yoldaşları ilə dörd ay Ağdamdakı səyyar hospitalda çalışıb. Kadrlarda gördüyünüz bu xalçanı o, Los-Ancelesdəki hərrac salonlarından birində görüb. ABŞ-da sürgün həyatı yaşayan xalçamızı ermənilər "Erməni milli xalçası" adı ilə satışa çıxarıblar.

 

Erməni xalçası adı ilə satışa çıxarılan bu tarix incisini hərracda gördüyü andan üzərindəki naxışlar, həm də onun hədiyyə olmasını bildirən yazı diqqətini çəkir və soydaşımız xalçanı satın alır. Daha sonra isə bu mədəniyyət nümunəsinin əsl sahibini axtarmağa başlayır.

 

Jurnalist Vüsalə Məmmədova xalçanın izinə təsadüfən düşüb: "Fevralın son günləri idi. Bəstəkar Aygün Səmədzadə mənə zəng elədi ki, belə bir hadisə baş verib. Ona yaxın rəfiqəsi danışıb ki, burada bir dostumuz, həmyerlimiz Elşad Tahirov hərracda ermənidən üzərində sırf "Qarabağ" sözü yazıldığı üçün bu xalçanı alıb. Evə gətirib açarkən, üzərində Azərbaycan dilində yazı olduğunu görüblər. Həmən o adamlarla əlaqəyə çıxdıq və "Lent.Az"da geniş bir reportaj hazırladıq".

 

Bir qədər sonra isə Elşad Tahirov xalçanı aid olduğu yerə, Azərbaycana göndərməyi qərarlaşdırır və beləliklə, üzərində "1 yanvar 1971-ci il. Sərvərə anasından əbədi yadigar ad günü hədiyyəsi" yazısının həkk olunduğu bu xalça 25 ildən sonra yola çıxır Azərbaycana, öz tarixi vətəninə: "Bu gün mən əziz qonağımızı, Qarabağın bu gözəl xalçasını göndərirəm Bakıya. Bakıya yox, öz evinə göndərirəm. Bu xalça 8 ay bizim qonağımız oldu, evimizin, ailəmizin bir üzvü idi. Bu gün mən bunu, Vüsalə xanım, göndərirəm sizə. Bu xalçanın ayağı yüngül olsun, Azərbaycanda olan bütün həmvətənlərim Qarabağa, öz torpaqlarına qayıtsın".

 

Vüsalə xanım təbii ki Elşad Tahirovun bu qərarını sevinclə qarşılayır: "Üstündən bir həftə keçdi və axşam bir zəng aldım ki, poçtdandır. Yaxınlaşın, sizə bağlama var. Çox həyəcanlı idim, həmən sevincimi Qabil Abbasoğlu ilə paylaşdım".

 

Bundan sonra isə xalçanın 1971-ci ilin 1 yanvar tarixində dünyaya gəldiyi və ya bu tarixdə onu hədiyyə aldığı ehtimal edilən sahibinin axtarışları başlayacaqdı. Lakin öncə xalçanı poçt şöbəsindən təhvil almaq lazım idi.

 

Və o tarixi an. Çəkiliş qrupumuzu gətirən avtomobil şirkətin giriş qapısına yaxınlaşır.

 

Biz, "Lent.Az"ın baş direktoru Qabil Abbasoğlu və bir azdan tariximizin kiçik, amma eyni zamanda çox önəmli bir parçası ilə üzləşəcək hər kəs son dərəcə həyəcanlıdır. Xalçanın yerləşdirildiyi qutunu, bütün heyət üçün isə Qarabağın bir parçasını əlində saxlamaq missiyası bəndənizə qismət olur. Pilləkənləri qalxdıqca həyəcanımız daha da artır. Bir an əvvəl qutunu açmaq, Qarabağın bizə əmanətini görmək üçün səbirsizlənirik. Səliqə ilə bükülmüş xalçanı açırıq. "Lent.Az"ın baş direktoru Qabil müəllim xalçanın onun üçün ifadə etdiyi dəyərdən danışır:

 

"Mənim üçün bu xalça torpaq, Qarabağ, vətən nə qədər əzizdirsə, dəyərlidirsə, o qədər dəyərlidir. Hətta, bir az artıq emosional planı da var bu xalçanın. Qarabağdan, öz yurdundan didərgin düşmüş canlılardan biridir bu xalça. Ümumiyyətlə, bu hekayətin yaranmasının səbəbkarı Elşad bəydir. Mən Elşad Tahirova şəxsən öz adımdan, "Lent.az”ın kollektivi adından və hətta Azərbaycan tarixinə biganə olmayan bütün insanların adından təşəkkür edirəm. "

 

Xalça ilə bağlı xəbərin yayıldığı ilk gündən etibarən onun əsl sahibinin axtarışına “APA Holding” də qoşuldu və həm "Lent.Az", həm də APA TV-də  bununla bağlı reportajlar yayımlandı. Xalçanın üzərinə "1 yanvar 1971-ci il" tarixi yazılıb. Peşəkar xalçaçılar bildirir ki, keçmişdə xalça toxumağı bacaran analar oğlanları üçün "bəylik xalçası" toxuyar və üzərinə ad, əksər hallarda doğum və ya toy gününün tarixini həkk edərdilər.

 

Bütün bu ehtimalları nəzərə alan Vüsalə Məmmədova və bu işə cəlb olunan hər kəs axtarışlara  bu tarixdə dünyaya gələn insanların siyahısını müəyyən etməklə başlayır. Məlum olur ki, bu tarixdə Azərbaycanda üç nəfər dünyaya gəlib. Lakin, Vüsalə xanımla görüş zamanı bu qiymətli xalçanın məhz onlara məxsus ola biləcəyini desələr də, heç biri xalçanın əlamətlərini təsvir edə bilməyib: "Sonuncu adamın üzərində dayandıq və araşdırarkən məlum oldu ki, bu qadın hələ Ağdamın Mərzili kəndində yaşayarkən xalçaçılıqla məşğul olub və çox ümidləndik ki, yəqin sahibi odur. Oğlu artıq Azərbaycanda yaşamırdı, qardaşını tapa bildik. Qadın çox səmimi şəkildə cavab verdi ki, mən heç vaxt toxuduğum xalçalara oğlumun adını yazmamışam".

 

Beləcə Qarabağın hələlik sonuncu xatirəsini Bakıdakı evinə, Xalça Muzeyinə aparmaq qərara alınır. Burada bizə ilk dayanacağımız laboratoriya olur. Daxili prosedura görə muzeyə daxil olan hər eksponat əvvəlcə mütəxəssislər tərəfindən müayinə olunur, yalnız bundan sonra Elmi Şuranın iştirakı ilə onun üzərində elmi-tədqiqat işlərinə başlanılır.

 

Muzeyin direktoru Şirin Məlikova da prosesə qoşulur və laboratoriyanın mütəxəssisləri tədqiqat işinə xalçanın üzərini təmizləməklə başlayır. Tədqiqat işləri zamanı xalçanın heç bir detalına zərər yetirilməməyə çalışılır.

 

Sonra isə  xalça səliqə ilə qatlanır. Muzey əməkdaşları deyir ki, qürbətdən dönən xalça üçün Xalça Muzeyinin ən görkəmli hissəsində yer ayrılıb və xalça sahibi tapılanadək həmin hissədə saxlanılacaq. Beləcə Qarabağın bir parçasını yeni mənzilinə aparırıq.

 

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova deyir ki, xalça muzeyin "Şuşa filialı" zalında nümayiş olunacaq: "Heç də təsadüfi deyil ki, bu xalça məhz Azərbaycan Xalça Muzeyinin "Şuşa filialı" zalında nümayiş olunacaq. İnanırıq ki, bu xalçanın hekayəsinin sonu xoş olacaq və bu eksponatlar vaxtilə fədakarlıqla xilas olunduğu Qarabağa, onun ürəyi olan Şuşaya qayıdacaq".

 

Şirin xanımla "Şuşa filialı" zalının ekspozisiyasına baxırıq. Muzey direktoru deyir ki, buradakı xalçalar işğal olunmuş torpaqlarımızdan çıxarılıb. Məsələn bu, XIX əsrə aid "Bəhmənli" xalçasıdır. Əl işi olan yun xovlu bu xalçanın üzərində təsvir olunan əjdaha suyun qoruyucusu, inam və güc rəmzi olaraq qəbul edilir. O danışır, mənim isə fikrim xalçamızın yanındadır.

 

Bu xalça işğal altında olan torpaqlarımızın bir parçasıdır. O parçası ki, uzun illər əvvəl doğma torpaqlarımız kimi bizdən qoparılaraq qürbət ellərə aparılıb.

 

Xalçanın təqdimatı ilə bağlı muzeydə xüsusi tədbir təşkil olunub. Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu tədbirdə çıxış edənlər erməni vandallarının xalqımıza vurduğu təkcə fiziki deyil, həm də mənəvi ziyan barəsində ətraflı məlumat verdilər. Muzeyin "Şuşa filialı"nın müdiri Səbinə Əzizova çıxışında son illərdə aparılan araşdırmalar nəticəsində 2007-ci ildə işğalçıların Şuşada yaratdıqları "xalça muzeyində" XVII-XIX əsrlər mədəniyyətimizə aid 250 xalça növünün "erməni xalçası" adı ilə nümayiş etdirildiyini deyir:

 

"Azərbaycanın ilk hərb generalı olan Səməd bəy Mehmandarovun malikanəsində ermənilər tərəfindən yaradılmış diyarşünaslıq muzeyi fəaliyyət göstərir. 2007-ci ildə isə qədim Şuşada erməni vandalları xalça muzeyi yaradıblar. Muzey qondarma qurum prezidentinin müşaviri Vardan Asatryanın şəxsi təşəbbüsü ilə yaradılıb".

 

Daha sonra Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Şuşa rayon nümayəndəliyinin baş məsləhətçisi Zahid Abbasov, görkəmli xanəndə Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova və digər natiqlər çıxış edərək qürbətdə yaşayan soydaşımız Elşad Tahirovun bu gözəl təşəbbüsündən təsirləndiklərini dilə gətirirlər. Uzun illər qürbət eldə sərgilənən bu nadir inci isə öz sahibini Xalça Muzeyində gözləyir. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR