Bayram Səfərov: "Biz hər gün Şuşaya qayıtmaq istəyirik"

Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, ədiblərin vətəni olan Qarabağın paytaxtı - Şuşa şəhəri artıq 25 ildir işğal altındadır.

 

APA TV-nin xəbərinə görə, hər il olduğu kimi, bu il də Şuşanın işğalının ildönümü münasibətilə Şəhidlər Xiyabanı ziyarət edilib. Mərasimdə "Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri, millət vəkilləri, Şuşa və ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidlərin məzarına gül dəstəsi düzüb, “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, şəhidlərin ruhuna dualar oxuyublar.

 

"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib ki, Azərbaycan xalqı gec-tez işğal altındakı torpaqları azad edəcək: "Biz hər gün Şuşaya qayıtmaq istəyirik. Bütün dünya birliyi və erməni havadarları bizim öz torpağımıza qayıtmağımıza əngəl törədir. Buna baxmayaraq, Azərbaycan xalqı, Azərbaycan əsgəri və Ali Baş Komandanımızın birliyi və iradəsi bizi işğal altındakı torpaqlarımıza aparacaq".

 

Milli Məclisin deputatı Yevda Abramov isə  deyib ki, bu gün Şuşanın işğalından 25 il ötsə də, hələ də böyük dövlətlər Azərbaycan xalqının zaman-zaman başına gətirilən bu bəlaların qarşısında susur: "Böyük dövlətlər dünya tarixində heç bir dəyəri olmayan Ermənistan kimi dövlətin müdafiəsinə qalxır. Buna nə ad vermək olar? Ancaq xristian təəssübkeşliyi. Halbuki ABŞ, Fransa və Rusiya kimi dövlətlər Ermənistanı bir saat içində susdura bilər".

 

Mərasimdə iştirak edən şuşalılar da doğma torpaqlarına geri dönəcəklərinə inandıqlarını deyiblər.

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR