Əli Həsənov: “Qloballaşmanın müəyyən çatışmazlıqları var”

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Qütbləşmə dövründə inklüziv dialoq" mövzusunda panel keçirilib.

 

APA TV-nin məlumatına görə, panelin moderatoru BMT-nin Sivilizasiyalar Alyansının politoloqu və dövlət qulluqçusu Natali Qiyom olub.

 

Paneldə çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, beynəlxalq münasibətlərin müasir inkişaf mərhələsi dünyanın  geosiyasi mənzərəsini dəyişən mürəkkəb və ziddiyyətli proseslərlə müşahidə olunur: “Son 25 ilin təcrübəsi göstərir ki, “soyuq müharibə” başa çatdıqdan sonra yeni dünya nizamının tərkib hissəsi kimi meydana gələn qloballaşmanın müsbət cəhətləri ilə yanaşı, sülhün və sabitliyin təmin olunması məsələsinə münasibətdə onun müəyyən çatışmazlıqları da var. Qloballaşma bir tərəfdən beynəlxalq inteqrasiya proseslərinə təkan verir, digər tərəfdən isə mədəniyyət və sivilizasiyalararası qarşıdurmaların meydana gəlməsi üçün sanki münbit şərait  yaradır”.

 

Ə.Həsənov bildirib ki, Avropa ilə Asiyanın kəsişdiyi geostrateji məkanda yerləşən Azərbaycan inklüziv dialoqun beynəlxalq hüquq normalarına əsaslanan sivil birgəyaşayışın təmin edilməsində oynadığı rolu yüksək qiymətləndirərək bu istiqamətdə fəal siyasət həyata keçirir: “Azərbaycan dünyada zəngin multikultural dəyərlərə və tolerant ənənələrə malik olan çoxmillətli dövlət kimi tanınır. Təəssüf ki, bu gün dünyada  dini-irqi və milli dözümsüzlük, dağıdıcı separatizm kimi hallar insanları kütləvi şəkildə qaçqın və miqrant həyatı yaşamağa məcbur edir. Bu sahədə mövcud olan problemlərin çətinliyini və ağrı-acısını Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində bir milyondan artıq qaçqını və məcburi köçkünü  olan Azərbaycan daha yaxından anlayır. Ona görə də  bu qəbildən olan insanların öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi inklüziv dialoqun tərkib hissələrindən biri olmalıdır”.

 

Ə.Həsənov nəzərə çatdırıb ki, inklüziv dialoqun təşviq edilməsində Heydər Əliyev Fondunun göstərdiyi fəaliyyəti xüsusi qeyd etmək yerinə düşər: "Ötən illər ərzində fond tərəfindən tarixi abidələrin  təmir edilməsi və  yeni mədəniyyət ocaqlarının yaradılması məqsədilə çoxsaylı layihələr həyata keçirilib. Layihələr çərçivəsində Fransa, Vatikan, İtaliya, Bolqarıstan kimi dövlətlərdə qədim dini, mədəni abidələr  təmir və bərpa olunub. Fondun xətti ilə Azərbaycanda müxtəlif dinlərə sitayiş edən insanların getdikləri  ziyarətgahlarda  təmir-bərpa işləri aparılıb və etnik qrupların  nümayəndələri üçün təhsil, mədəniyyət mərkəzləri yaradılıb".

 

Tədbir müzakirələrlə davam edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR