Araz Əzimov: “Həmsədr ölkələr ilk növbədə öz maraqlarına xidmət edirlər”

“Azərbaycan ərazisində yalnız Azərbaycan Konstitusiyasının tələlərinə uyğun şəkildə ümumxalq səsverməsi keçirilə bilər. Bu baxımdan nə zamansa münaqişənin həlli prosesi referendum tələb edən səviyyəyə çıxarsa, o zaman bütün Azərbaycan xalqı öz fikrini bildirmək üçün referendumda iştirak edə bilər. Qarabağ məsələsi ilə bağlı digər referendum planını qəbul etmirəm. Bunun üçün əsas yoxdur”.

 

APA TV-nin xəbərinə görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

 

O bildirib ki, statusun müəyyənləşdirməsi ilə bağlı proses yalnız legitim çərçivədə həyata keçirilə bilər: “Bu da yalnız Qarabağ regionundan qovulmuş və oraya qayıtmalı olan Azərbaycan əhalisinin iştirakı ilə baş verə bilər. Bu məsələnin müzakirəyə çıxarılması üçün razılığın müəyyənləşdirilməsi başqa məsələdir. Bu barədə biz hələ danışmırıq”.

 

A.Əzimov bildirib ki, BMT TŞ-nin qətnamələri prinsipial tələbləri özündə əks etdirir: “Buraya işğal olunmuş torpaqların boşaldılması və əhalinin qaytarılması üçün şərait yaradılması daxildir. Əgər bu baza digər tərəfdən də qəbul edilsə, irəli hərəkət etmək olar. Bu kimi planlar 1992-1993-cü illərdə də qəbul edilmişdi, lakin Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal edərkən pozuldu. Bu praktika aradan götürülməyincə, mən düşünmürəm ki, irəli gedə bilərik”.

 

Nazir müavini qeyd edib ki, Azərbaycan 25 ildən çoxdur münaqişə şəraitində yaşayır: “Münaqişələrin həlli üçün beynəlxalq oyunçular öz səylərini artırmalıdır. Nyu-Yorkda oturub münaqişəni analiz etməkdənsə, regionlarla daha sıx işləmək lazımdır. Münaqişə regionları ilə sıx əlaqə qurmaq zəruridir. Müxtəlif sülhyaratma təşkilatları, o cümlədən ATƏT-in Minsk qrupu hər zaman münaqişələrin həlli üçün effektli alət olmur. Məsələn, ATƏT-in Minsk qrupu həmsədrləri Fransa, Rusiya və ABŞ ilk növbədə öz maraqlarına xidmət edərək öz məsələlərini həll edirlər. Nəticədə biz onların maraqlarının üçbucağında qalırıq və məsələ həll olunmur”.

 

Araz Əzimovun sözlərinə görə, münaqişələr artıq iki ölkənin məsələsi deyil və yalnız effektiv beynəlxalq əməkdaşlıq dünyada mövcud olan münaqişələrin həllində real rol oynaya bilər.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR