Rafael Ağayev: "Həm döyüşə, həm də bayrağı daşımağa hazıram" - REPORTAJ
IV İslam Həmrəylik Oyunları ilə əlaqədar idman arenalarına təşkil olunmuş media tur davam edir. APA TV-nin xəbərinə görə, bu dəfə baş çəkdiyimiz ünvan Bakı İdman Sarayı oldu.
Arenada son tamamlanma işləri gedir, may ayının 8-də zal oyunların keçirilməsi üçün tam hazır olacaq. Yarışların keçiriləcəyi əsas zalın 1736 nəfərlik tamaşaçı tutumu var.
Əgər xatırlayırsınızsa, Birinci Avropa Oyunları zamanı bu zalda stolüstü tennis və badminton yarışları keçirilmişdi. İslamiada zamanı isə zal taekvondo, uşu və karate yarışlarına ev sahibliyi edəcək.
İslam Oyunlarının Əməliyyatlar Komitəsinin baş meneceri Faiq Hüseynov bildirib ki, Bakı İdman Sarayında 13-14 may tarixində karate, 16-17-18 may taekvondo, 21-22 may uşu yarışlarına ev sahibliyi edəcək: "Final yarışları idmanların təyinatına görə müxtəlifdir. Karate və taekvondo yarışları üzrə final görüşləri hər yarış gününün ikinci sessiyasında olacaq. Uşu yarışlarına ilk iki gün öncəki mərhələlər, may ayının 22-də final yarışları olacaq".
Arenada media işçiləri üçün xüsusi ayrılmış obyektdə giriş sahəsi, iş otaqları, yarışları rahat izləməsi üçün xüsusi oturacaqlar ayrılıb.
İslam Oyunlarında taekvondo idman növü üzrə ölkəmizi 4 qadın, 8 kişi idmançı təmsil edəcək. Qadınlardan ibarət yığmanın baş məşqçi Elnur Amanov yarışlara hazırlıq prosesi barədə məlumat verib: "8 idmançı qadınla təmsil olunmalı idik, amma təəssüflər olsun ki, zəif olduqlarına görə 4 idmançını bu yarışdan uzaqlaşdırdıq. Avropa Oyunlarında 3 qızıl, 1 gümüş, 1 bürünc medal vermişdik. Ən azından onu burada təkrarlayıb onun da üstünə çıxmaq istəyirik".
Azərbaycan millisinin taekvondoçusu Səid Quliyev qızıl medal uğrunda döyüşəcəklərini bildirib: "Gündə iki dəfə məşq olur. Ancaq qızıl medala görə hazırlaşırıq. Özbəkistandan var rəqibim, 74 kq-da bir nömrədir. Misir də güclüdür".
Digər taekvondoçumuz Milad Beiqi Harçeqani rəqiblərinin zəif olmadığını söyləyib: "Hazırıq, bir həftədir yarışdan qayıtmışıq Bakıya. Güclü rəqiblər gələcəklər. Tunis, İran güclü rəqiblərdir. Mən idmançıyam, idmançının əsas işi qalib gəlməkdir".
Karate üzrə dünya çempionu Rafael Ağayev deyib ki, bu idman növü üzrə ölkəmizi 5-i qadın, 5 kişi olmaqla 10 nəfər təmsil edəcək: "Bu yarışa hazırlığımız çox yüksək səviyyədə gedir, il ərzində dayanmamışıq. Keçən ilə nəzər salsaq, həm Avropa çempionatı, həm dünya çempionatı mənim üçün uğurlu oldu. Böyük məsuliyyət düşür - doğma divarlar arasında qalib gəlmək. Əlimizdən nə gəlirsə, öz sözümüzü deyəcəyik. Əlimizdən gələni edəcəyik ki, xalqımızı sevindirək".
Karateçi Ayxan Mamayev 2013-cü ildə keçirilən sonuncu İslam Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırıb: "Çox istəyirəm ki, bu titulu özümdə saxlayım, çünki bura vətəndir. Şükürlər olsun ki, vətəndə heç bir oyunlarda məğlub olmamışam. Ən böyük arzum da oyunlarda himnimizi səsləndirməkdir".
Uşu idman növündə isə 7 çəki dərəcəsində yarışlar keçirilsə də, Azərbaycan 6 çəki dərəcəsində yarışlara qoşulacaq. Yığma komandanın üzvü Elçin Eminov yarışa bir ildən artıqdır hazırlaşdıqlarını vurğulayıb: "Mənim çəki dərəcəmdə çox güclü idmançılar gəlir. Düşünürəm ki, bizim hazırlıq məşqlərimiz yaxşı keçib, qələbə qazanmağa tam hazırıq".
Ruslan Pirəliyev də son İslam Oyunlarında medal qazanıb: "Keçən il mən İslam Oyunlarında gümüş medal qazanmışam 65 kq çəki dərəcəsində. Bu il daha aşağı çəkidə - 60 kq çəki dərəcəsində döyüşəcəyəm. Məqsədim qızıldır".
Qeyd edək ki, İslam Həmrəylik Oyunlarında Azərbaycan yığmasının bayraqdarı karate ustası Rafael Ağayev seçilib: "Dedilər ki, ayın 13-ü çıxış edirsən, ola bilər yorularsan, mən düşünürəm ki, nəinki Azərbaycan idmançısı hər bir insan üçün fəxr olar bayrağı dünyaya tanıtmaq. Həm döyüşə, həm də bayrağı daşımağa hazıram".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır