Şahmat məktəbi adı ilə bina tikirlər - SAKİNLƏR MAT OLMAQ İSTƏMİR
"Başımızın altına yastıq qoyub vəd verməklə məşğuldurlar. Tikintiyə icazə verməyəcəyik". APA TV-nin xəbərinə görə, bu sözləri Bakının Nəsimi rayonu Asif Məhərrəmov küçəsindəki 46, 48, 50 və 52 saylı binanın sakinləri deyib.
Çəkiliş qrupumuzu məhəllə adamları qarşılayaraq, iki binanın ortasında gedən tikinti işi ilə tanış etdilər.
Sakin Şükufə Məmmədova etirazlarının səbəbini açıqlayıb: "O tərəfdən binamıza işıq onsuz da düşmür, bu tərəfdən də bina tikilərsə, biz qaranlıq zülmətdə qalarıq".
Sakinlərin sözlərinə görə, təxminən iki il bundan əvvəl binalarının qarşısında hasara alma işləri aparılanda İcra Hakimiyyətindən gəlib bildiriblər ki, məhəllənizə palma ağacları əkiləcək: "Biz ayılanda artıq gec idi. Hündürmərtəbəli binanın təməli atılmışdı. Yenidən analoji üsuldan istifadə edib adını "şahmat məktəbi" qoyublar".
5-ci mikrorayon ərazisində olan bu sıx ərazidə tikintinin kim tərəfindən aparıldığını öyrənə bilmədik. Sakinlər deyir ki, hər gün MİS işçiləri və polislərlə mübahisə edirlər. Tikiləcək istənilən bir obyekt 4 binaya gediş-gəlişin çətinləşdirəcək, təcili tibbi yardım və yanğınsöndürən maşınların daxil olması üçün yolu bağlayacaq. İş icraçıları sakinlərə “Nicat” MMC tərəfindən tikiləcək obyektin şahmat məktəbi olacağını: "50 nömrəli binanın qarşısını gördüz, yeni tikili var. İndi isə bu iki binanın ortasını tikirlər. Belə çıxır biz insan deyilik. Sadəcə olaraq, burda yaşayanları adam yerinə qoyan yoxdur".
Sakinlərlə bir yerdə 31 saylı MİS-ə getdik. Rəis yerində olmasa da, məsul şəxslər ərazidə nəyin tikintisindən və kim tərəfindən icazə verilməsindən xəbərsiz olduqlarını dedilər. Ərazidə olan bir neçə ustanı isə sakinlər uzaqlaşdırdılar.
Nəsimi Rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, həmin ərazidə şahmat məktəbinin tikintisi nəzərdə tutulmayıb. "Tikilən nədir?" sualına cavabı isə Akif Məhərrəmov küçəsinin sakinləri səbirsizliklə gözləyirlər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır