Ziyafət Əsgərov: "Ermənilər münaqişəni müsəlman-xristian qarşıdurması kimi qələmə verməyə çalışır"
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu" mövzusunda panel keçirilib.
APA TV-nin məlumatına görə, panelin moderatoru Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov olub.
S.Seyidov deyib ki, dünyanın bu ağır dövründə, problemlərin genişləndiyi bir vaxtda problemlərə yeni yanaşma vacibdir: “Ksenofobiya, islamofobiya, antisemitizm, insan oğurluğu indi reallığa çevrilib. Biz nə edə bilərik? Məsələyə qlobal nöqteyi-nəzərdən yanaşmalıyıq”.
Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Huməd bildirib ki, ölkəsi Afrika və ərəb mədəniyyətinin qovşağıdır.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, ortaya çıxan problemlər bəşəriyyətin birləşməsinin alternativi olmadığını ortaya qoyur: "Etnik separatizm, terrorizm, epidemiyalar, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər problemlərin həlli birgə fəaliyyət tələb edir. Qloballaşma bir tərəfdən insanlar, xalqlar arasında əlaqələrin qurulmasına, digər tərəfdən, fərqliliklərin, gərginliklərin ortaya çıxmasına səbəb olur".
Z.Əsgərov deyib ki, Azərbaycan milli, dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqlarını müdafiə edən dövlət modelini ortaya qoyur: "Mədəniyyətlər, dinlərarası dialoq, multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bununla yanaşı, təəssüf ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları 25 ildir işğal altında saxlayan Ermənistan Azərbaycanla qarşıdurmanı, Dağlıq Qarabağ münaqişəsini müsəlman-xristian qarşıdurması kimi qələmə verməyə çalışır. Məqsəd həm də ölkəmizdə dinlər və millətlər arasında münasibətlərə zərbə vurmaqdır. Bu səylər boşa çıxıb".
Çexiya Deputatlar Palatası sədrinin birinci müavini Radek Vondraçek qeyd edib ki, Roma imperiyası ilk qloballaşmış cəmiyyət olub, müxtəlif dinlər, xalqlar birgə yaşayıb.
Pakistan Milli Assambleyası sədrinin müavini Murtuza Caved Abbasi deyib ki, Şərqlə Qərb arasında təfriqələrin gərginləşməsi, cəmiyyətlər daxilində qarşıdurmaların artması parlamentlərarası münasibətlərə də təsir göstərir.
Böyük Britaniya Lordlar Palatasının üzvü Zahidə Pərvin Mənsur Böyük Britaniyanın Azərbaycandakı əsas sərmayədarlardan biri olduğunu xatırladıb.
ABŞ-da Etnik Anlaşma Fondunun təsisçisi və prezidenti Rabbi Mark Şnayer vurğulayıb ki, Azərbaycan müsəlman dünyasında bir modeldir, dinlər və etiqadlararası münasibətlərin gözəl nümunəsidir: “Biz amerikalılar üçün Azərbaycan sivilizasiyasını kəşf etməyə çalışırıq. Azərbaycan, prezident İlham Əliyev, xalqınız tolerantlıq, dözümlülük baxımından dünya üçün bir nümunəyə çevrilib”.
Panel müzakirələrlə davam edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır