Prezident: "Biz Bakıda erməni kilsəsini bərpa etmişik, Ermənistan isə..."
Mayın 5-də Heydər Əliyev Mərkəzində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışı olub.
APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Dövlət başçısı açılış nitqində bu Forumun artıq dünya məsələlərini müzakirə edən qlobal beynəlxalq platformaya çevrildiyini bildirib. Forumda 120-dən artıq ölkədən 800-dən çox nümayəndənin iştirak etdiyini deyən dövlət başçısı mötəbər beynəlxalq qurumların Forumun tərəfdaşları qismində çıxış etdiklərini diqqətə çatdırıb.
Əsrlər boyu ölkəmizin sivilizasiyaların qovuşuğunda yerləşdiyini deyən Prezident İlham Əliyev mədəniyyətlərarası dialoqun hazırda dünyada ən vacib məsələlərdən biri olduğunu vurğulayıb.
Bu Forumun xalqımızın mədəni müxtəlifliyini və qədim tarixini nümayiş etdirdiyini diqqətə çatdıran dövlət başçısı onu da bildirib ki, ölkəmiz qədim dini ibadət ocaqları ilə zəngindir və onların hamısı dövlət tərəfindən qorunur. “Multikulturalizm Azərbaycanda dövlət siyasəti və bizim həyat tərzimizdir”, - deyən Prezident İlham Əliyev 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan olunduğunu bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın üzləşdiyi yeganə problem Ermənistanın torpaqlarımızı işğal etməsidir: "Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon işğal olunub. Azərbaycana qarşı etnik təmizləmə siyasəti törədilib, məscidlərimiz dağıdılıb. Biz Bakının mərkəzində erməni kilsəsini bərpa etmişik, Ermənistan isə işğal olunmuş torpaqlarda bütün mədəni irsimizi məhv edib. ATƏT-in faktaraşdırıcı missiyaları da bunu təsdiq edib".
Dövlət başçısı vurğulayıb ki, Ermənistan torpaqların işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmir: "Bəzən BMT qətnamələri saatlar ərzində icra olunur, Azərbaycana münasibətdə isə bu qətnamələrin illərdir, yerinə yetirilməməsi ikili standartların göstəricisidir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisi, hüquqi bir hissəsidir".
Prezident İlham Əliyev ölkəmizdə iqtisadi inkişafla bağlı həyata keçirilən tədbirlərdən, işsizliyin aradan qaldırılması, təhsil sektorunun müasirləşdirilməsi sahəsində görülən işlərdən danışıb.
Forum işini plenar sessiyalarla və panel müzakirələrlə davam etdirir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır