Gənc müəlliməni maşınla vurub öldürən 15 yaşlı biznesmen oğlu azadlıqda - QANUN NƏ DEYİR?
Bakıda 15 yaşlı biznesmen oğlunun törətdiyi qəzada gənc qadının ölümü geniş müzakirələrə səbəb olub.
APA TV-nin xəbərinə görə, müzakirələr hadisə ilə bağlı saxlanılmış gəncin "yetkinlik yaşına çatmadığı üçün" cərimələnərək sərbəst buraxılması və dəbdəbəli həyatını əks etdirən fotolarla bağlıdır.
İş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlu Ağəli Fərəcli hadisəni qiyməti 200 min manatdan yuxarı olan "Porsche Cayenne Magnum” markalı maşınla törədib. Onun "sürücülük məşqi" iki uşaq anası olan 24 yaşlı Xəyalə Məmmədovanın həyatına son qoyub.
Hadisə Bakıxanov qəsəbəsində, Əfəndiyev küçəsindəki ət dükanının qarşısında baş verib. Şahidlərdən birinin dediyinə görə, səsə çıxdıqda gənc qadının dükanın şüşəsinə çırpılaraq sındırdığını və al qan içində olduğunu görüblər.
Bakıxanov qəsəbəsində bir neçə restoranın sahibi olan Fərəcov mediaya açıqlamasında oğlunun 14 yaşında olduğunu xüsusi vurğulayıb və "qanun nəyi tələb edirsə, o da olacaq” deyib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanılıb. Qəzanı tərədən şəxsin 15 yaşı bir müddət əvvəl tamam olduğu səbəb gətirilərək o, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb və barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Hüquqşünas Rövşən Həsənov bildirib ki, qəzanı törədən yeniyetmənin və avtomobili ona verən şəxsin cinayət məsuliyyəti istisna olunur: "İnzibati Xətalar Məcəlləsinə görə, nəqliyyat vasitəsinin sahibi sürücülük hüququ olmayan şəxsə avtomobili bilərəkdən veribsə, 180 manat cərimə tətbiq olunur. Qarşı tərəfə ziyan vurulduğuna görə müəyyən təzminatlar ödənə bilər. Ancaq 15 yaşlı şəxs heç bir cinayət məsuliyyətinə cəlb oluna bilməz. Buna qanunvericilik yol vermir. Qanunvericilik o uşağı qapalı tipli təlim-tərbiyə müəssisəsinə göndərməyi nəzərdə tutur. Ancaq belə mərkəzin olub-olmamağını bilmirəm".
Müzakirələrə qoşulan millət vəkili Qənirə Paşayeva qeyd edib ki, fotolar Ağəli Fərəclinin həyat tərzini təxmin etməyə imkan yaradır: "24 yaşlı ananın ölümündə günahkar uşağa bir müəllimin ömrünün sonuna qədər qazanıb ala bilməyəcəyi qiymətə maşın alıb məktəbə göndərən atadır".
Deputat bu uşağın şəhərdə sənədsiz maşın idarə etməsinin necə baş verməsinin də araşdırılmasını vacib hesab edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır