Birjalarda şok: Neft kəskin ucuzlaşdı

Birjalarda dünən günorta saatlarından başlayan “neft şoku” davam etməkdədir. Son 17 ticarət sessiyasından 16-da neftin son göstəriciyə nəzərən ucuzlaşması qeydə alınıb.

 

APA TV-nin xəbərinə görə, dünən səhər seanslarında “Brent” markalı neftin qiyməti 50,98 dollar olub, bu gün səhər keçirilən hərraclarda isə qiymət 46,72 dollara enib.

 

Qərbi Texas nefti də sürətlə ucuzlaşır. Son 24 saat ərzində 3,8 dollar dəyər itirən WTİ neftinin bir bareli hazırda 43,88 dollara satılır.

 

Gün ərzində təxminən 9% ucuzlaşan neft dolların kursuna da ciddi təsir göstərib. Dollarla yanaşı neft valyutaları sayılan rubl, Avstraliya dolları və Kanada dolları da digər valyutalar qarşısında sürətlə dəyər itirir.

 

Neftin ucuzlaşmasının əsas səbəbləri ABŞ-dan qaynaqlanır. Energetika Nazirliyinin son hesabatına əsasən, ölkədə benzin istehlakı gözlənilən səviyyədən aşağıdır, bundan başqa ölkənin kommersiya neft ehtiyatlarının həcmi azalsa da, yenə yüksək səviyyələrdə qalır, digər tərəfdən ABŞ-da neft hasilatı artıq 11 həftədir artır. Bu amillər OPEK-in bazara təsirini kifayət qədər azaldır, ABŞ-OPEK rəqabətində birincinin üstünlüyü qiymətlərə mənfi təsir edir.

 

Birjalarda yaşanan “neft şoku”nun bu gün axşam başa çatacaq son hərraclara qədər davam edəcəyi gözlənilir. Gün ərzində OPEK cəbhəsindən kartel ölkələrinin hasilatı daha da azaldacağına dair açıqlamalar gözlənilir, lakin bu açıqlamaların nefti bahalaşdıracağı ehtimalı hələlik çox azdır. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR