Əbülfəs Qarayev: "Ermənistanı da Foruma dəvət etmişdik"

"Dağlıq Qarabağ münaqişəsi bütün Forum iştirakçılarına yaxşı məlumdur. Biz beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanı da bu Foruma dəvət etmişdik. Təəssüf ki, Ermənistan hələ belə müzakirələrə hazır deyil".

 

APA TV-nin məlumatına görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında deyib.

 

O bildirib ki, problemlərin həllində mədəniyyətlərarası dialoq mühüm rol oynaya bilər: "Azərbaycan belə dialoqa hazırdır. İstərdik ki, dünyada problemlər qarşılıqlı anlaşma, sülh yolu ilə həll olunsun. Ancaq hansısa dövlət BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etmirsə, bu, müəyyən qədər həmin dialoqa hazır olmamasından xəbər verir. Forumda mədəniyyətlərarası dialoqun bu istiqamətdə rolu barədə ciddi müzakirələr aparılacaq".

 

"Bakı prosesini dəstəklədiyinə görə tədbir iştirakçılarına təşəkkür edirəm" - deyən  nazir UNESCO baş katibi İrina Bokovanın sabah Bakıya gələcəyini söyləyib. Ə.Qarayev xatırladıb ki, 2011-ci ildə birinci Foruma 40-a qədər ölkə qatılıb: "Bu il Forumda 120-yə qədər ölkənin, 50-yə qədər beynəlxalq təşkilatın, 50-yə qədər QHT-nin iştirakı nəzərdə tutulur. Bütün bunlar Forumun beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdiyini göstərir. Forum ilk dəfə BMT-nin televiziyasında və internet saytında canlı yayımlanacaq".

 

UNESCO baş katibinin müavini Nada əl-Naşif ilə isə qeyd edib ki, bu il keçirilən Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-nun cədvəlində əsas tədbirə çevrilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR